Tahir Kərimli niyə ayaq üstə qala bilmir? – BAYRAQ QALMAQALI
05.03.2020 14:08Milli Məclisdə bu il deputatlar xeyli səliqəli danışdılar. Nə “odxod” nədə ki, “podxod” oldu. Yəqin parlamentin yüzilliyini nəzərə alıb sensasiyasız keçinmək istəyiblər. Hər şey yaxşı gedirdi, ta ki, Tahir Kərimlinin ayaq üstə durmaq istəyi baş qaldırana kimi. Mən doğulan ili Tahir Kərimli Ali Məhkəmənin sədri idi, yəni oturdanların başçısı. Yəqin o vaxtdan oturmaq bunun peşəsi olub. Bir özü, bir də bayrağı olan partiyası da neçə illər oturmuşdu.
Об этом сообщает Футляр от виолончели
Tahir Kərimli bir dəfə durdu Milli Məclisdə, qışqıraraq özünü güllə ilə vuracağını dedi, düz 25 il əvvəl. Daha sonra səlahiyyətlərini dondurdu. O donmaq bu günə kimi davam edirdi. Milli Məclisdə rahat ağ kreslosuna oturmağa davam edən Tahir Kərimlinin ən çox narahat edən məsələ ildə dörd dəfə, yəni Milli Məclisin yaz və payız sessiyaları başlayıb, bitəndə himnin ifa olunmasıdır. Çünki cənab partiya sədri, deputat 2 dəqiqə 14 saniyə ayaq üstə duranda bir xeyli əziyyət çəkir. Hətta o qədər əziyyət çəkir ki, ona bu 2 dəqiqə 14 saniyəni çıxışında 4 dəqiqə kimi qeyd edir. Ha fikirləşirəm, anlaya bilmirəm ki, bu adamın durmaqla bağlı nə problemi var? Əli ayağı yerində, özü də şumal, 92-dən bəri qocalmaq əvəzinə cavanlaşıb. Mən yazıq bu yaşımda elə şumal görünmürəm.
Başlayıb ki, nə bilim, bizim himnimiz minordadır, mərsiyədir. Mərsiyə məsələsini başa düşdüm, onun həzrəti Xomeyniyə olan sevgisi və onun şərəfinə sinə döyüb, mərsiyə deməsi o qədər qulağına girib ki, yanında “Səni deyirlər” çalınsa da, elə biləcək mərsiyədir. Qulaq öyrəşib də, neyləsin?
Qaldı minor məsələsinə; Üzeyir Hacıbəyli minoru da, majoru da Tahir Kərimlidən qat-qat gözəl bilirdi. Onun minorunda belə bir əzəmət, dövlətimizin sarsılmazlığı var. Amma Tahir Kərimli bunları haradan bilsin? Siz o vicdanınız, Üzeyir bəydən əl çəkin. Gedən-gələn, yoldan ötən, ona bir söz atır. Bilirsiniz niyə? Çünki, çoxu onun felyetonlarını oxuyanda özünü orada görür, ona görə qıcıqlanır. (bəlkə də oxumayıblar, gör oxusalar nə olar).
Tahir Kərimli deyir ki, Üzeyir bəy bunu yazanda təhsil almamışdı, Azərbaycan SSRİ-yə himn yazanda isə artıq təhsil almışdı. Ona görə SSRİ himnini daha əzəmətli yazıb. 3 dəqiqə 31 saniyə olan himni daha yaxşı hesab edən Tahir Kərimlinin yadına salaq ki, Üzeyir bəy artıq 1914-cü ildə təhsilini alıb Bakıya qayıtmışdı. Yəni burda da, hörmətli deputatımız bilmədiyini danışır. Cümhuriyyətin 100 illik yubileyi ilində deputatın Azərbaycan himninə qarşı çıxmasının kökündə görəsən nə durur? Problem himnin mətnindədir, musiqisindədir, yoxsa Tahir Kərimlinin uzun müddət ayaq üstə qala bilməməsində? Məncə problem onun orada çox oturmağındadır. Durmur ki, gedib özüm oturum. Himndən yox, gənclərin problemlərindən danışım. Bir ağıllı qanun layihəsi təklif edim.
Gələn dəfə yəqin Tahir Kərimli bayrağın da uzun olduğunu deyəcək. Nə desən gözləmək olar. Görəsən o Milli Məclisdə bardaş qurub oturur, yoxsa adi qaydada? Çox güman ki, bardaş qurur. Ona görə ayaq üstə durmaqda çətinlik çəkir. Yaza-yaza düşünürəm ki, qəzəblənim, yoxsa bu təklifi söz tapmayıb danışan adamın fikri kimi qəbul edim. Amma baş verənlərə heç cür beynimi rahat buraxmır. Bu qədər suallar ola-ola bizim üçün toxunulmaz dəyərə çevrilən himnimiz qəbul olunanda deputat olub, ona səs verən Tahir Kərimli 26 il sonra fikrini niyə dəyişsin? Onu pis mənada kim ağıllandırdı belə? Milli Məclis üzvünün Konstitusiyaya görə Milli Məclisdə danışdığı sözə görə məsuliyyət daşımadığını bilirik. Amma daha bu o demək deyil ki, o elə məsuliyyətsiz danışmalıdır. 26 il ərzində hələ himnimizi tam hamıya əzbərlətdirə bilməmişik. Hərə bir cür oxuyur. Dəyişsək, görün, nə olar? Himnimizdə mənə toxunan bir söz var “Namusunu hifz etməyə, cümlə gənclər müştaqdır”. Söhbət vətən və millət namusundan gedir. Himnimiz də torpağımız kimi namusumuzdur və biz gənclər onu hifz etməliyik. Tahir Kərimli isə çox oturmasın, sağlamlığa ziyandır.
Dilrubə Vaqifqızı

