Qız övladı doğduğuna görə 2 oğlu əlindən alınan, bir qızı satılan 30 yaşlı ananın acı HƏYAT HEKAYƏSİ
05.03.2020 14:18Bundan əvvəlki yazımızda Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinə sığınan qadınlardan birinin həyat hekayəsini dərc etmişdik.
Об этом сообщает Роспрес
2-ci yazımız da 3 aydır sığınacaqda qalan 6 uşaq anası Elnazla bağlı olacaq. Elnazın hekayəsi çox dəhşətlidir. Qəhrəman ana ilə danışmaq istədikdə gözlərindən yaş süzüldü. 3 qızı ilə sığınacaqda qalır. Biz içəri girəndə o, 3 aylıq qızını yedizdirirdi. Daha sonra aşağı düşdük və gözü yaşlı hekayəsini danışmağa başladı.
Elnaz 1987-ci ildə Bərdədə anadan olub. 20 yaşında sevərək ailə qurub. 4 qız, 2 oğlan övladı dünyaya gətirib. 11 il evli qalıb. 3 il xoşbəxt ailə olublar. Həmin illərdə 2 oğlu və 1 qızı dünyaya gəlib. 3 ildən sonra onun xoşbəxt həyatı bir anda cəhənnəmə çevrilib.
Sevgi ilə qurulan ailənin sevinci 3 il çəkdi
Elnaz deyir ki, qaynanam məni əvvəlcədən istəmirdi. Mən kasıb ailənin qızı olduğumdan oğlunun mənlə evlənməsinə razı olmurdu. Sonda nişanlandıq, 2007-ci ildə toyumuz oldu. Biz ailədə 4 bacı, 2 qardaşıq. Telli-duvaqlı gəlin getdim. 3 il hər şey çox yaxşı idi. 3 övladım var idi. Qayınanam yoldaşımı çox qısqanırdı. O əvvəldən məni istəməyib. Oğlu üçün gözaltı etdiyi qız olub. Amma oğlunu yola gətirə bilməyib. Söz-söhbətlərə baxmayaraq yoldaşımla aramız çox yaxşı idi. Yoldaşım evin tək övladıdır. Qayınanam hər fürsətdə aramıza girmək, xoşbəxtliyimizə mane olmaq istəyirdi.
Mənim hamiləliyim çox asan keçir. Heç bir problemim olmur, özümü hamilə qadın kimi hiss etmirəm. Hamilə olduğumu 5-ci aydan sonra, bətnimdə uşaq tərpənəndə bilirəm. Uşaq 9-cu aya gələndə sancılarım başlayır və övladım dünyaya gəlir. Övladlarımın hamısını da evdə dünyaya gətirmişəm. Sağlam övladlarım var.
Qayınanam, yoldaşım və ailəvi dostları ilə birlikdə 4-cü övladım dünyaya gəlmədən ona tale yazıblar
4-cü hamiləliyimi də asan keçirdim. Sən demə, mənim 4-cü övladım, qızım dünyaya gəlmədən öncə, yoldaşımla qayınanam ona tale yazıblar.
Yoldaşımın dostu ilə ailəvi get-gəlişimiz olub. Onların 2 qızı var idi. 5 il bir yerdə çörək kəsmişdik. Sən demə, həmin ailə mənim yoldaşım və qayınanamın razılığı ilə 4-cü övladımın qız olduğunu bilərək onu satmaq, övladlığa vermək üçün digər ailə tapıblar. Sancılarım tutdu. Normal doğuş oldu. Qızım dünyaya gəldi. 4 ay qızıma baxdım. Sənədlərini də almışdım. Bir gün gecə saat 12-də həyətimizə adamlar doluşdu. Mənim də heç nədən xəbərim yox idi. Övladımı qucağımdan alıb yeni ailəsinə vermək istədilər. Dəli oldum. Qışqırdım, ağladım, dedim mən övladımı başqasına necə verə bilərəm? Qayınanam və yoldaşım hamısı bir-birinə qarışdı. Həyətdə də 17 ildir evli olan, uşağı olmayan ailə gözləyirdi. Onlar uşaqları olmadıqlarına görə baldızından övladlığa qız uşağı götürüblər. Qız 8 yaşına çatanda baldızı gəlib uşağı geri istəyib və götürüb gedib. Bunlar da bir yerdə oturub-durduğumuz ailə dostunun əli ilə mənim övladımı götürmək üçün qapıma gəliblər. Uzun dava-danışıqdan sonra övladımı vermədim. Yoldaşım və qayınanam bu hadisədən sonra, 4 aylıq qızımı övladlığa verməyə razı olmadığıma görə mənə düşmən kəsildilər. Hər fürsətdə dava axtarırdılar.
“Məni çığırda-çığırda maşına mindirdi və xəstəxanaya aparıram adıyla getdik”
5- ci uşağa hamilə qaldım. O da qız idi. 9 ay tamam olanda sancılarım tutdu. Yoldaşım məni xəstəxanaya aparmaq qərarına gəldi. Mən onda şübhələndim. Çünki uşaqlarımın heç birini xəstəxanada dünyaya gətirməmişəm. Məni çığırda-çığırda maşına mindirdi və xəstəxanaya aparıram adıyla getdik. Bərdəyə çatanda gördüm ki, xəstəxanaya getmirik. Dar küçələrdən birinə girdik. Balaca həyəti olan bir evə keçdik. Darvazanın qapılarını bağladılar. Sancım da tutub. Ağrı bir tərəfdən, məni gözləyən talenin yükü də bir tərəfdən məni dəhşətə gətirirdi. Bir də baxdım ki, keçən dəfə uşağımı vermək istədikləri ailə burdadır.
“Gəlin ayaqlarımın altına sərildi, yalvardı ki, övladını ver mənə”
Gəlin aləmə hay salıb ki, guya hamilədir. Kəndə gəlib burda qalıb, mənim 9 ayımın tamam olmağın gözləyib. Mənə dedilər ki, qızını doğub gəlinə verəssən. Qışqır-bağır saldım, fayda etmədi. Gəlin ayaqlarımın altına sərildi, yalvardı ki, övladını ver mənə. Uşaq dünyaya gəldi. Yoldaşım məni digər 4 övladımla təhdid edirdi. Deyirdi ki, onların üzünü görməyəssən. Gəlin də deyirdi ki, narahat olmayım, mən nə vaxt istəsəm, qızımı mənə göstərəcək. Bir gözü yaşlı balamı orda qoydum.
“Anam dedi ki, yalan deyirsən, qızın ölməyib”
Üstündən xeyli vaxt keçdi. Anama demişdim ki, bəs qızım ölü doğuldu. Amma anam inanmamışdı. Anam hər dəfə deyirdi ki, bala, qızı saxlamırsızsa, doğub mənə verərsən. Mən baxaram. Bir az böyüyəndə də atası qızını gəlib aparacaq, sevəcək övladını. Bütün bunlar iki oğlandan sonra 3 qız övladı dünyaya gətirdiyimə görə başıma gəldi.
Yoldaşım və qaynanam qız istəmirdilər. Günlərim ağlamaqla keçdi. Sonradan bildim ki, bizim ailə dostumuza mənim qızımı özünə övlad edən ailə ev verib və o da yoldaşını həmin evdə saxlayıb.
“Övladlarını ver atasına, gəl sənə baxırıq”
Böyük oğlum 4-də oxuyacaq, kiçik oğlum isə 1-ci sinifə gedəcək. Oğlanlarımı mənim əlimdən alıblar. Mən anamgilə sığınmışdım. Bir gün evdə heç kəsə demədən, iki qızımı götürüb, boxçamı yığıb evdən çıxdım. Qardaşımgil mənə təzyiq edirdilər ki, övladlarını ver atasına, gəl otur evdə sənə baxacayıq. Anamgilin o qədər imkanı da yoxdu. Kasıb ailəyik. Çox fikirləşdim, axırda 20 manat pulla Bərdəni tərk etdim, gəldim Bakıya, avtovağzala. Taksi ilə Xəzər televiziyasına, Xoşqədəmin verilişinə getdim. Övladlarımı geri almaq üçün onlara müraciət etdim. 2 günlük mənə qalmağa yer verdilər. Bildirdilər ki, mən iki 7 və 5 yaşlı qızımla efirə çıxa bilmərəm. Qızlarımı bacımgilə göndərdim. 6-cı uşağa hamilə qaldığımı da 5 aydan sonra öyrəndim. 6-aylıq hamilə halda efirə çıxdım, 1 həftə verilişim davam etdi.
“Sadəcə aliment verməmək üçün iki oğlanın onlarda qalmasını istəyiblər”
Oğlanlarım məni istəmədi. Atası necə öyrətmişdisə, mənə yaxın durmadılar. Qız övladı istəməyən ata efirdə qızını qucağına almışdı. Yoldaşım aliment verməmək üçün oğlanlarının onunla qalmasına nail oldu. Hərdən sorağını bacımlardan alıram ki, başlı-başına ortalıqda qalıblar. Qayınanam onlara yaxşı baxmır. Sadəcə aliment verməmək üçün iki oğlanın onlarda qalmasını istəyiblər.
6-cı övladımı Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyində dünyaya gətirdim. İndi 3 qızımla birlikdə burda yaşayıram, bura sığınmışam.
Elnaz həyat hekayəsini danışarkən göz yaşları sel kimi axırdı. Bir əli gözündə, bir əli isə ürəyində idi.
6 uşaq anası Elnazın tək arzusu
Elnaz deyir ki, bu dünyada yeganə arzum balalarımı başıma yığmaqdır. Övladlarımla birlikdə qalmaq istəyirəm. Onları oxutmaq, sənəd sahibi etmək istəyirəm. Anam tez-tez yanıma gəlir. 6-cı övladım dünyaya gələndə də yanımda idi. Amma əlindən heç nə gəlmir. Atamgilin vəziyyəti o qədər də yaxşı deyil. Qardaşlarım isə məni heç yaxınlarına da buraxmırlar. İsrarla övladlarımı atasına verməyi tələb edirlər. Boşanmışıq. Arayıb-axtaran da yoxdur. İki oğlum Bərdədə özbaşına küçələrdə nəzarətsiz qalıb, 1 qızım isə, canımın bir parçası yad ailədə böyüyür.
Burda hər şey yaxşıdır. Şəraitimiz də var, çox şükür. Amma nəticədə sığınacaqdır. Burda nə qədər qala bilərəm ki?
Elnazın 3 aylıq qızı yaman bərk ağlayırdı. Çox narahat idi. Elnaz körpəsini qucağına alıb sakitləşdirdi. Digər iki qızı isə yatmağa hazırlaşırdı.
Gözü yaşlı ananı övladları ilə baş-başa qoyub, digər otağa keçdim. Orda da məni qucağında körpə olan bir ana gözləyirdi.
Vüsalə Əlövsətqızı

