5 nəfər can verdi – Kim və ya kimlərdir günahkar? – CƏZALAR
06.03.2020 09:09Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəzaya səbəb qanunsuz sərnişin daşıma ilə məşğul olan “Ford-tranzit” markalı mikroavtobusun (tələbələri Sumqayıt Dövlət Universitetinə aparırmış) yolun kənarında dayanmış “ZİL” markalı yük avtomobilinə çırpılması olub.
Об этом сообщает Роспрес
A24.Az xəbər veri ki, qəza nəticəsi 5 tələbə dünyasını dəyişib, 20 nəfər isə yaralanıb. Səhiyyə Nazirliyinin açıqlamasına görə, hadisə zamanı avtobusda ümumilikdə 28 nəfər olub.
Baş verən hadisə qanunsuz sərnişin daşıma məsələsini bir daha gündəmə gətirib.
İnzibati Xətalar Məcəlləsində nəqliyyat vasitəsində biletsiz sərnişin aparılması, sənədsiz sərnişin daşıma, xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulmasına görə aşağıdakı cərimələr nəzərdə tutulub:
Maddə 150. Nəqliyyat vasitəsində biletsiz sərnişin aparılması
150.1.Trolleybusda, tramvayda şəhər və şəhərətrafı avtobusda marşrut taksisində sərnişinlərin biletsiz aparılmasına görə – beş manatdan on beş manatadək miqdarda cərimə edilir.
150.2. Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə – on beş manat cərimə edilir.
150.3. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə – otuz manat cərimə edilir.
Maddə 150-1. Sənədsiz sərnişin daşıma
Beynəlxalq daşımaları həyata keçirən şəxslər tərəfindən müvafiq dövlətin ərazisinə giriş və ya ərazisindən çıxış üçün sənədlərə malik olmayan sərnişinlərin daşınmasına görə – fiziki şəxslər yüz manatdan üç yüz manatadək miqdarda, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək miqdarda, hüquqi şəxslər min manatdan üç min manatadək miqdarda cərimə edilir.
M a d d ə 150-4. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması
150-4.1. Xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmasına görə – yüz manat miqdarında cərimə edilir.
150-4.2. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınmalarına dair xüsusi razılıq (lisenziya) şərtlərinin pozulmasına görə – əlli manat miqdarında cərimə edilir.
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar
Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması
327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə – altmış manat məbləğində cərimə edilir.
Maddə 332. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi
332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə – qırx manat məbləğində cərimə edilir.
332.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə-yüz manat məbləğində cərimə edilir.
332.3. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- iki yüz manat məbləğində cərimə edilir.
332.4. Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
332.5. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə- on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.
332.6. Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
332.7. Bu Məcəllənin 332.5-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə – iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd: Bu Məcəllənin 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə müqaviləsi əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür.
Məsələ ilə bağlı A24.Az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov qanunsuz sərnişin daşımanın lisenziyaların verilməsi ilə bağlı olan bir məsələ olduğunu vurğulayıb:
“Sərnişin daşıma xidmətlərinin təşkil olunması üçün liseynziyaları Bakı Nəqliyyat Agentliyi verir. Lisenziyanı verən qurum da birbaşa ona nəzarət edir. Yol nəqliyyatına nəzarəti təşkil edən qurum isə Baş Dövlət Yol Polisi İdarəsidir. Yollarda reydlərin keçirilməsi, bu kimi faktların ortaya çıxarılması dövlət yol polisinə aid olan məsələdir.
Qanunsuz sərniş daşımaya görə sürücü saxlanılarsa, həmin sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndi üzrə cəza sanksiyasına məruz qalacaq. Baş verən qəzada ölüm faktoru olduğundan bu artıq inzibati məsuliyyətdən çıxıb, bilavasitə cinayət tərkibli əməl hesab olunur. Konkret olaraq Cinayət Məcəlləsində bir və daha çox ölümlə nəticələnən qəzalar barədə xüsusi müddəa var”, – deyə A.Allahverənov əlavə edib.
Qeyd edək ki, bu gün baş verən nəticəsində dünyasını dəyişən tələbələrin adları açıqlanıb.Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev mətbuatda açıqlamasında bildirib ki, qəza zamanı dünyasını dəyişən şəxslər bunlardır:
Quliyeva Çinarə Azər qızı (1996-cı il)
Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il)
Muradova Roza Eynulla qızı (1997-ci il)
Quliyev İbrahim Vuqar oğlu (1996-cı il)
Caniyev Rəşad Füzuli oğludur (1997-cı il).
Xatırladaq ki, Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər (“Ford” markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu və yol kənarında dayanmış “ZİL” markalı yük maşının sürücüsü Şəmistanlı Elvin Eldar oğlu saxlanılıb.
Orxan Aslanlı

