“Bir insan Allaha ibadət eləyirsə, kənardan gələn səs, musiqi ona mane olacaq” – Halal hotellərdə namaz və musiqi səsi…
06.03.2020 09:14Azərbaycanda dindar şəxslərin ibadət edə bilməsi üçün halal hotellər qarşısında qoyulan tələblərdən biri də azan oxunarkən hotelin məscidi və ya namaz otağına yaxın yerlərdə musiqi səslənməməsidir.
Об этом сообщает Футляр от виолончели
“Halal” adını daşıyan hoteldə necə və hansı yüksəklikdə musiqi səsləndirilə bilər?
Saytımıza açıqlama verən Azərbaycan Turizm İnstitutunun Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov bildirdi ki, hallal hotellər daha çox estrada tipli musiqilərdən yayınmalıdır:
“Amma mühitin ortamına görə orda digər tipli musiqilər səsləndirilə bilər. Sadəcə estrada tipli musiqilər çox səsləndirilmir. Çünki hotel İslami qaydalarla insanların daha rahat dincəlməsi baxımından nəzərdə tutulur. Təbii ki, bundan əlavə hotel daxilində və ya kənarında komplekslər var ki, orda müştərilərin istəklərinə görə müəyyən vaxtlarda musiqi seçimində istisnalar ola bilir. Lakin namazla bağlı irəli sürülən tələblər isə daha çox otel daxilində nəzərdə tutulur.
Təbii ki, namaz qılmaq üçün nəzərdə tutulan məkan otelin daha sakit bir bölməsində yaradılır. Bu da xüsusən müştərilərin çox gedib-gəldiyi, hər kəs tərəfindən görünən hissədə deyil. Hoteldə ayrılan ibadət otağı səs baxımından insanları narahat edən böyük bir məkan olmur, sadəcə 50 nəfərin namaz qılacağı ibadət salonu olur. O da görünən yerdə, məsələn restorana yaxın və ya yuxarı mərtəbələrdə, turistlərin az hərəkətdə olduğu bir yerdə. Bu sistem Türkiyə və Malayziyada çox yaxşı təşkil olunub. Dünyada məscidlər var ki, restoranlarla yanaşı olsa da, elə qurulur ki, ora kənardan səs daxil olmur. Eləcə də otellərdə ibadət otağı elə bölmədə yaradılır ki, hətta dəhlizdə kimsə gəzəndə belə onun səsi içəridə duyulmur. Qeyd edim ki, bu da İslami qaydalara görə gələn turistlər üçün nəzərdə tutulub”.
Bəs namaz qıldığımız zaman musiqi səsini eşitmək necə, yanlışdır?
Mövzu ilə bağlı müraciət etdiyimi ilahiyyatçı Ağa Hacıbəyli dedi ki, bizə aid olan 5 duyğu orqanımızın 5-i də əslində namaz zamanı Allaha təslim olmalıdır.
“Namazı batil edən şeylərin içərisində musiqi səsi yoxdur. Namazı batil eləyən tamam başqa şeylərdir. Peyğəmbərimiz (s.ə.s) deyir ki, namaz dinimizin dirəyidir. Qurani Kərimdə də söylənilir ki, namaz insanı bütün pisliklərdən, çirkin işlərdən çəkindirir. İnsan namaz qıldığı zaman əslində həyatın içinə dönür. Dünyadan çəkilib öz həyatına gəlir, öz yaradanına, onu bu dünyaya göndərənə, əbədiyyət aləmində qarşısına zəhmətliylə çıxacaq zatın hüzuruna çıxır. Yəni insan namazıyla “Allahım mən dünya ilə məşğul olsam da, dünyadakı işlərin içərisində olsam da, qəlbim sənə bağlıdır, ruhum daim səni tərənnüm edir, düşüncələrimdə və çevrəmdə sən varsan. Səndən qeyrisinin qarşısında başımı əymərəm və səndən qeyrisinin qarşısında əyilmərəm” deyir. Belə deyək də, bizə aid olan 5 duyğu orqanımızın 5-i də əslində o zaman Allaha təslim olmalıdır. Ətraf mühitdə və təbiətdə olan səs-səda, ümumiyyətlə ətrafda olan bütün hər nə varsa belə insanın nə qulağından, nə də gözündən daxil olmamalıdır. Əgər bir insan Allaha ibadət eləyirsə, ona bağlanıbsa, əllərini də qaldırıb dua edirsə, o qulaq kənar səs eşitməz. Allahın məna mühitində, rəhmət aləmində haqqın hüzuruna çıxıbsa o an başqa kiçik səsləri yaşamır, çünki o insan böyüklüyün qarşısında böyük hüzurun içərisindədir. Yəni bir insan kənarda musiqinin təsirindədir, digəri də namazını qılırsa, onun digər şəxsin namazına nə dəxli var?! Amma məsələ budur ki, insan namaz qıldığı yerdə orda səs-küy olduğu zaman təbii ki, biz insanıq, dediyim kimi hər kəs Allaha bağlana bilmir, rabitəsini düzgün qura bilmir, qulağı fərqli səslər eşidir və başlayır namazın ruhu əlindən alınmağa, yəni namazda əldə edə biləcəyi mənəvi şeyləri ala bilmir, əlindən gedir, boş qayıdır”.
Firuzə Alimova / A24.az

