Dahi sənətkarı tələbələri yad etdi: “Mənə dedi ki, oxuduğum mahnını gör nə günə qoydun?!”
06.03.2020 09:16Bu gün mərhum Xalq artisti, əvəzsiz xanəndə, muğam xiridarı, həm şeiriyyatı, həm də bəstələri ilə minlərlə insanın könlündə taxt qurmağı bacarmış qəzəlxan, onlarla muğam ustadının yetişməsində böyük rolu olmuş Hacıbaba Hüseynovdan danışacağıq. Amma biz yox, tələbələri… Və bu da səbəbsiz deyil, çünki bu gün Hacıbaba Hüseynovun anım günüdür. O, 24 il bundan əvvəl, 24 oktyabr tarixində 74 yaşında dünyasını dəyişib.
Об этом сообщает Футляр от виолончели
Hacıbaba Hüseynovun tələbələrinin əksəriyyəti bu gün Azərbaycanın sevilən muğam ustaları, Xalq artistləridir. Həmin tələbələrindən biri olan Xalq artisti Zabit Nəbizadə müəllimi haqqında yadına düşən xoş xatirələrini saytımızla bölüşüb:
“Həftədə iki dəfə Asəf Zeynallıda dərs deyirəm. Hər dərsdə Hacıbaba Hüseynovun boğazını, nəfəsini elədikcə o kişiyə rəhmət oxuyuram. Hacıbaba müəllim mənə həmişə “qarabala” deyə çağırardı. Deyirdi ki, o vaxtları rəhmətlik Zülfü mənə “qarabala” deyirdi, indi də mən o ləqəbi sənə verirəm.
Mənə deyirdi ki, səninlə fəxr edirəm. Xəstəxanada yatırdı, getdim yanına, dedim ki, Hacı dayı çıxıb getmə, məni yetim qoyma. Dedi: “Oğlum, hamı sənin kimi zirək olsa, yəni hər şeyi tez öyrənən olsa, mən ayda bir dəfə də gəlsəm, bəs edər. Amma istəmirəm ki, söyüş yiyəsi olum. Bir həftə dərsə gəlim, bir həftə gəlməyim. Uşaqlar niyə desin ki, müəllim dərsə gəlmədi filan… Üzüsulu çıxıb getməyim daha yaxşıdır. Qapım üzünə həmişə açıqdır”. Rəhmətlik Səxavət Məmmədovun da adını çəkib dedi ki, mən sizinlə fəxr edirəm. Bir də Alim Qasımovun adını çəkdi… Dedi: “Hərçənd, Alim Qasımov mənim tələbəm olmayıb, amma demək olar ki, hər şeyi məndən öyrənib”.
Zabit Nəbizadə qeyd edib ki, Hacıbaba Hüseynov qəzəllərə sanki “cığallıqla” yanaşırdı:
“Rəhmətliyin hərdən cığallığı var idi. Bir qəzəli var, dedim ki, Hacı dayı, “oturmuş yar məclisdə, məni-rəncur ilə bahəm” qəzəlini mənə ver. Cavabı belə oldu: “Süleyman, əgləşin guya mühəqqər mur ilə bahəm”. Xeyir ola “qarabala”, verim onu sənə, gedib Nardaranda oxuyub, çörək pulumu əlimdən alasan?” (gülür)
Rəhmətlik mənə deyirdi ki, birinci kursdan sən əgər Nardarana toya gedirsənsə, sən özünü tələbə sayma, sən hələ bizimlə həmkarsan. Həmişə deyirdi ki, birinci qəzəli öyrənin. Sonra müğamı öyrənmək sizə asan olar. Amma indi içi mən qarışıq müəllimlər tələb etmir ki, get qəzəl öyrən, sonra sənə dərs keçim.
Allah rəhmət eləsin, böyük ustad idi. Ruhu şad olsun. Nə qədər canım sağdır, çalışacam onun təsniflərindən, mahnılarından ifa edim, tələbəsi kimi həmişə adını çəkim. Ümumiyyətlə, mənim o kişinin adını çəkməyimə ehtiyac yoxdur. Mən yad edirəm ki, qoy gələn nəsil də görsün ki, mən canlı bir ustad, canlı professor, canlı korifey kimi o kişini görmüşəm, ondan dərs almışam. Fəxr edirəm ki, mən onun kimi bir şəxsiyyətdən dərs almışam. O, bir ildə mənim üçün 10 ili əvəz edib. Çünki hər dərs mənə öz qəzəllərindən bir dənə də olsun yazdırır ki, “qarabala” bunu yaz, sənə lazım olar”.
Hacıbaba Hüseynovun tələbələrindən biri də sevilən Xalq artisti Zaur Rzayevdir. Z.Rzayev də müəllimindən, ona gətirdiyi məşhurluqdan ürəkdolusu danışıb:
“Çox gözəl ustad idi, qəzəl və muğamı mükəmməl bilirdi, muğam ustadlarının birincisi idi. Ondan sonra gələnlərdə muğamı, qəzəl və şeiriyyatı bu qədər gözəl bilən biri yoxdur.
Çox baməzə bir insan, dərs keçdiyi zaman da çox tələbkar idi. Bununla yanaşı olduqca sadə insan idi. Həm dərsini keçirdi, həm danlayırdı, həm də zarafat edirdi. Maraqlı və dahi insan idi. O insan mənim həyatımda çox önəmli yer tutur.
Hacıbaba müəllim haqqında özəl bir xatirəm odur ki, onun bir mahnısını Zeynəb Xanlarova oxudu, amma onun ifasında bir o qədər də səslənmədi. Sonra həmin mahnını 1970-ci ildə mən “Dilbərim” adı ilə oxudum. Çox gözəl də oxudum, özüməməxsus şəkildə… Hətta o mənə zəng edib dedi ki, sən mənim oxuduğum mahnıma xüsusi çalarlar qoşdun, qəzəlini, sözlərini dəyişdin. Sonra da qayıdıb əlavə elədi ki, “Sən mənim oxuduğum mahnını gör nə günə qoydun?!” Mən də dedim ki, mahnını müasir oxumuşam da…
Amma o mahnı Azərbaycanda çox sevildi, indiyə qədər də o mahnı mənim adımla bağlıdır. Bir müddət sonra ustad mənə dedi ki, Zaur, sən düz eləmisən, gərək bu mahnı elə belə oxunardı. Həmişə bunu deyirdi. Həmin mahnı ondan mənə xatirə qaldı və məni Zaur Rzayev elədi, məşhurlaşdırdı. O, çox maraqlı insan idi. Siz də çox sağ olun ki, belə bir gündə onu yad edirsiniz”.
Firuzə Alimova / A24.az

