Nikahda sağlamlıq arayışı: qanun var, iş yox! – ARAŞDIRMA
06.03.2020 09:23Məlum olduğu kimi, Ailə Məcəlləsinə edilən dəyişikliklərə əsasən, Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanına təqdim etdikləri ərizəyə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə etməlidirlər. Hətta bu arayışın təqdim olunmaması nikahın bağlanmasına mane olan hallar sırasına daxil edilib.
Об этом сообщает Роспрес
Digər dəyişikliyə görə, nikaha daxil olan şəxslərdən biri özündə zöhrəvi xəstəliyin və İİV virusunun törətdiyi xəstəliyin (QİÇS) olduğunu qarşı tərəfdən gizlətdikdə, qarşı tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Nikahdan öncə sağlamlıq haqda arayışların istənilməsini nəzərdə tutan dəyişikliyin əsas səbəbələrindən biri də talassemiya və hemofiliya kimi irsi-genetik xəstəliklərin geniş yayılmasıdır.
Ümumilikdə, Ailə Məcəlləsinə dəyişikliklər edilməsinin əsas məqsədi bir sıra irsi, genetik və cinsi yolla keçən xəstəliklərin qarşısının alınmasıdır. Başqa sözlə, qarşıya qoyulan hədəf talassemiya və hemofiliya, immun çatışmazlığı, genetik yolla keçən psixi, ruhi və əsəb, infeksion dəri-zöhrəvi xəstəliklərinin qarşısını almaqdır.
Dəyişikliklərə görə, nikaha girmək istəyələr təxminən 6 virusla bağlı yoxlamadan keçməlidirlər. Bəs, hazırda vəziyyət necədir? Bu müayinələr aparılırmı?
Statistikaya görə, hazırda Azərbaycanda 20 minə qədər uşaq anadangəlmə əlilliyə görə müavinət alır. İldə 300-ə yaxın talassemiyalı, 200 hemofiliyalı uşaq dünyaya gəlir. Məlumatlara görə, indiyə qədər sözügüdən xəstəliklərin müalicəsinə 20 milyon manatdan çox maliyyə vəsaiti ayrılıb.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir
Yeniliyə əsasən, sağlamlıq haqqında arayışa görə hər bir həkim verdiyi qərarda məsuliyyət daşıyır. Əgər ailə quran zaman cütlüklərdə problem aşkar olunarsa, arayışı təsdiq edən şəxslər məhkəmə müstəvisində məsuliyyətə cəlb olunacaqlar.
Xatırladaq ki, ötən il oktyabrın 17-də Milli Məclis Ailə Məcəlləsinə dəyişiklikləri qəbul edib. Prezident İlham Əliyev dekabrın 16-da Ailə Məcəlləsinə dəyişikliklər edilməsi barədə Qanunu təsdiqləyib. Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.
Dəyişikliyə əsasən, nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlana bilər. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.
Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
Bəs, bu il yanvarın 1-dən etibarən rəsmən qüvvəyə minən Qanunun yerlərdə icrasına başlanıbmı? Yaxud, nikaha daxil olmaq istəyənlər konkret olaraq hansı xəstəliklə bağlı müayinədən keçdikləri barədə arayış təqdim etməlidirlər?
“ZAQS”lar hələ köhnə qayda ilə işləyir…
Saytımızın əməkdaşı sözügedən yeniliyin tətbiqi məsələlərini araşdırıb. Məlum olub ki, cari ilin əvvəlindən qüvvəyə minən Qanunda göstərilən yeniliyin icrasına hələ başlanmayıb. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsinin Abşeron Rayon Qeydiyyat Şöbəsinin rəisi Tahirə Əsgərova əməkdaşımıza bildirib ki, qüvvəyə minən yeniliyi alqışlayır. Onun sözlərinə görə, Ailə Məcəlləsinə edilən dəyişiklik ailələrdə sağlam uşaqların dünyaya gəlməsi üçün vacib amildir. O ki qaldı yeniliyin tətbiqinə, T.Əsgərova qeyd edir ki, Ailə Məcəlləsinə edilən dəyişiklikdən irəli gələn yeniliyin icrasına hələlik başlanılmayıb: “Çünki nikaha düşmək istəyənlərin konkret olaraq hansı xəstəliklə bağlı müayinədən keçəcəkləri hələlik müəyyənləşməyib. Siyahını Səhiyyə Nazirliyi hazırlamalıdır. İndi baş idarədə iclasdaydım. İclasda bu məsələyə də toxunuldu. Mənim bildiyimə görə, Səhiyyə Nazirliyi xəstəliklərin siyahısı ilə bağlı Milli Məclisdən 3 ay vaxt istəyib”.
Hazırda nikah haqqında şəhadətnamənin verilməsinin əvvəlki qaydalarla həyata keçirildiyini diqqətə çatdıran T.Əsgərova deyir ki, sözügedən siyahı hazırlanmadığı üçün nikaha düşmək istəyən gənclərdən sağlamlıq haqqında arayış tələb etmirlər: “Siyahı bizə təqdim olunmadığı üçün müraciət edənlərdən sağlamlıq haqqında arayış tələb edə bilmirik. Ona görə də bu işi əvvəlki qayda ilə həyata keçiririk”.
Şöbə rəisi yeniliyin təxminən bu ilin mart ayından sonra icra ediləcəyini güman edir.
“Hər bir vətəndaşın tibbi kartı olmalıdır“
Tibb elmləri doktoru, professor Adil Qeybulla da hesab edir ki, Ailə Məcəlləsinə edilən dəyişikliklər mühüm qərardır. Amma bunun icrası bir az problemlidir: “Çünki insanlar vaxtında müayindən keçməyə maraqlı deyillər. Digər tərəfdən, əvvəla, hər bir vətəndaşın tibbi kartı olmalıdır. Yəni, hansı insanda ürək qüsuru, anadangəlmə patologiya, müxtəlif xroniki xəstəliklər, cinsi yolla keçən infeksiyalar, talassemiya, müxtəlif gen xəstəlikləri varsa, tibbi kartda qeyd edilməlidir. İnsanların keçdikləri analizlər, müayinələr və digər məsələlərlə bağlı məlumatlar çekap şəklində tibbi kartda olmalıdır. Məsələn, talassemiya xəstələri ailə qurur və özlərinin də xəbəri olmadan uşaqları da talassemiyalı doğulur. Bu, həm ailə üçün problemlərə yol açır, həm də dövlətə baha başa gəlir. Odur ki, bu kimi xəstəliklər yoxlamaya məruz qala və ailə quran cütlüklərin müayinəsinin siyahısına salına bilər”.
Atif Eyvazov

