Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Partlamayan bomba”, uğursuz ssenari — “Məlikməmməd və Ziba” filmi haqqında tamaşaçı qeydi

06.03.2020 09:23

Uzun müddətdir həm tamaşaçılar, həm də kinotənqidçilər  film sənayesində “komediya bumu”nun yaşanmasından danışırlar. Və bu “bum”un fonunda keyfiyyətin olduqca aşağı olması danılmaz faktdır. Bu tendensiyanı şərh etmək kino adamlarının işidir. Mən sadəcə tamaşaçı kimi müşahidələrimi son baxdığım komediya filmi əsasında bölüşmək istəyirəm.

Об этом сообщает Руспрес

Ötən həftə yeni komediya filmi, “Məlikməmməd və Ziba”nın  Flame Towers Baku Park Cinemada ictimaiyyətə təqdim olundu. Açığı belə tədbirləri sevməsəm də, mən də dostların xatirinə Qala gecəsində iştirak etdim. Məkan seçimi uğursuz olduğu üçün, tədbir də kifayət  qədər cansıxıcı idi.

Filminin ssenari müəllifi və quruluşçu rejissoru Ruslan Hüseynovdur.   “Məlikməmməd və Ziba” komediyasında baş rolda Nofəl Şahlaroğlu, rollarda Qorxmaz Əlilicanzadə, əməkdar artist Əzizağa Əzizov, Teymur Məmmədov, Mətanət Əliverdiyeva, xalq artisti Fatma Mahmudova, Nərgiz Zamir, Aynur Abbasova, Midhət Aydın, Rəşid Səməndər və başqaları çəkilib.

Filmin quruluşçu operatoru İlkin Şirinli, icraçı prodüser Vasif Ayan, baş prodüser Ruslan Zeynalovdur.

İradlarımı bölüşmədən, filmin yaradıcı heyətini ürəkdən təbrik edirəm, daha uğurlu filmlərlə tamaşaçıların görüşünə gəlməklərini arzulayıram.

Filmin nümayişi başlamadan filmin yaradıcı qrupu maliyyə azlığından şikayətlənib sanki  filmdəki qüsurları bu bəhanə ilə ört-basdır etməyə çalışdılar. Film boyu gözümüzü yağır edən reklamlardan aydın olurdu ki, sponsorlar  yaradıcı heyəti az qala uzunmetrajlı reklam çəkməyə məcbur edib. Film boyu “gizli reklam”lar  tamaşaçının əsəblərini sınağa çəkir. Texniki qüsurlar, prodüser işi və digər məsələlər barədə uzun-uzadı yazmaq fikrində deyiləm. Yəqin ki, filmi izləyən peşəkar kinotənqidçilər bu barədə iradlarını yazacaqlar.

Filmə baxanda bir daha əmin oldum ki, Azərbaycanda dalbadal çəkilən kinokomediyalarda ən böyük problem ssenarist və rejissor problemidir. “Məlikməmməd və Ziba” filmində də bu problemlər ciddi şəkildə hiss olunur. Filmin ssenarisi elementar kriteriyalara cavab vermir. Adətən normal ssenari peşəkar rejissor işi olmadığı üçün  bir neçə tanınmış və istedadlı aktyor filmi arxalarınca “sürüyürlər”.

Bunu xüsusi qeyd edim ki, komediya aktyorlarımızın potensialını açacaq film ssenarisi yox dərəcəsindədir.

Haqqında danışdığımız filmi də Nofəl Şahlaroğlu var gücü ilə xilas etməyə çalışır. Və buna qismən nail olduğunu da deyə bilərik. Amma Nofəlin komediya aktyoru kimi potensialı sözsüz ki, bu filmdə tam olaraq açılmır. Çünki rejissor Məlikməmməd obrazını Nofəlin aktyor oyunundan daha çox onun parodiyaları üzərində qurmağa çalışıb ki, bu da kifayət qədər maraqlı aktyorların  rol aldığı film üçün uğursuz yanaşmadır. Kifayət qədər tanınmış aktyorlar bu filmdə Nofəlin fonunda görünmür. Ssenari olduqca zəifdir və rejissorun aktyorlarla  işləyə bilmədiyi çox aşkar görünür. Mənə elə gəlir ki,  rejissor Nofəldən və digər  aktyorlardan  lazımınca istifadə etməyib.

Çox təəssüf ki,  filmin yaradıcı heyəti yüksək keyfiyyət və kinematoqrafik uğur arxasınca qaçmayıb. Tamaşaçı aktyor oyununa gülsə də,  filmin sonunda nə baş verdiyini demək olar ki anlamır. Filmi izlədikcə ürəkdən gülsəm də, bir neçə epizodda maraqlı mesajlar diqqətimi çəksə də, rejissorun nə istədiyini, bu filmlə hansı mesajı vermək istədiyini anlamadım.

Həm teatrımızda, həm də kinomuzda kifayət qədər istedadlı komediya aktyorları var. Bu aktyorların potensialını açacaq, onların istedadını üzə çıxaracaq ciddi rejissorlar isə yox dərəcəsindədir.  Ssenarilər isə o qədər bayağıdır ki, bu barədə danışmağa dəyməz. Əksər filmlərin nədən bəhs etdiyini  heç ssenari müəllifinin özü də izah edə bilmir. Çünki film bir neçə istedadlı aktyorun hesabına çəkilir və komik stuasiyalar sadəcə bu aktyorların oyunundan asılıdır.

“İlin ən bomba kinokomediyası”  – filmin devizi kifayət qədər iddialı olsa da, təəssüf ki, “bomba partlamadı”.

“Məlikməmməd və Ziba”  mayın 11-dən etibarən şəhərin kinoteatrlarında nümayişə olunur. Ümid edirəm ki, filmə baxdıqdan sonra sizin də qənaətiniz mənim fikirlərimlə üst-üstə düşəcək.