Seriallara baxılaraq məhv edilən uşaqlıq – Azyaşlılar hansı seriallara baxa bilərlər?
06.03.2020 09:26Hər evdə seriala baxan bir insan mütləq var. Günümüzü seriallarsız təsəvvür etmək artıq çətindir. İstər Azərbaycan, istərsə də Türkiyə telekanallarında yayımlanan saysız-hesabsız, bir-birindən maraqla izlənilən seriallar günü-gündən çoxalır.
Об этом сообщает Руспрес
Bütün bunu nəzərə alsaq, mövzunun hər gün aktual olduğunu demək olar.
Böyüklərlə bərabər uşaqlar da istər-istəməz seriallara tamaşa edirlər. Bəs, bu seriallar uşaqlara nə dərəcədə təsir edir? Ümumiyyətlə, uşaqların böyüklərlə bərabər teleseriallara baxması nə dərəcədə düzgündür?
Uşaq psixoloqu Aidə Nəbiyeva A24.Az-a açıqlamasında bildirdi ki, gün ərzində uşaqların televiziyaya baxma müddəti 45 dəqiqə -1 saat arasında olmalıdır.
“Burada söhbət azyaşlı uşaqlardan gedir. İlk növbədə baxılan verilişlər uşaqların psixologiyasına uyğun olmalıdır. Bir çox uşaqlar valideynlərlə birgə seriallara baxırlar. Ona görə də uşağın öz otağında televizorunun olması daha məsləhətlidir. Üstəlik, həmin televizorda ancaq uşaq kanalları aktivləşdirilməlidir”.
Serialların bəzilərində 13+, 12+, 18+ kimi yaş kateqoriyaları nəzərə alınır. “Uşağın valideynlə birlikdə böyüklər üçün nəzərdə tutulan proqramlara baxması onların psixoloji durumunda gərginliklər yaradır”- deyən psixoloqun fikrincə, xarici seriallara valideynlərlə birgə baxmaq məsləhət deyil.
“Çünki bu seriallar erkən yaşda uşaqlarda ailədaxili münasibətlərin formalaşmasına böyük təsir edir. Hər ölkədə fərqli ailədaxili münasibətlər var. Xarici ölkələrin bəzilərində ailə büdcəsi ayrı olur. Ona görə də bizim uşaqlarla analar arasında problemlər yaradır”.
Uşaqlar valideynlərlə birlikdə seriallara baxa bilər, amma…
Mütəxəssislərin analar üçün qoyduğu qadağalara əməl etmək bəzən çətin olur. Bəzən də valideynlər problemin kökünə balta vuraraq birdəfəlik sərt qərarlar verirlər. Bu da uşaqların psixoloji vəziyyətinə təsir edir.
Uşaq psixoloqu A.Nəbiyeva bildirir ki, uşaqlar valideynlərlə birlikdə seriallara baxa bilər, baxır nəyə baxır, nə qədər baxır. “Həssas olmaq lazımdır. Sevgi, ailədaxili münasibətlər mövzusunda olan proqramlara birlikdə baxmaq məsləhət görülür. Bu uşağın nəyi, necə qavramasını bilmək üçün valideyndə bəzi fikirlər formalaşdırır. Valideynlər nəzərə almalıdır ki, şiddət səhnələri uşaqlara çox pis təsir edir. Vaxtı bölüşdürmək, yaşa uyğun proqram seçmək lazımdır”.
Aldığımız smartfon telefonlarda hər yenilik var. Bu da təbii ki, uşaqlar üçün də maraqlıdır. Hazırda valideynlərin “yaralı” yerlərindən biri də uşaqların telefonlarla oynamasıdır. Mütəxəssis bu mövzuda valideynlərə bir məsləhət verdi:
“Uşaqlara sərt şəkildə qadağan etmək olmaz, bu, uşaqda daha da maraq oyadacaqdır. Ona görə də bəlli vaxtlarda telefona baxmaq məsləhətdir. Tamamilə qadağa qoymağı məsləhət görmürəm. Valideyn smartfonu uşağın əlinə verəndə nəzərə almalıdır ki, 3-7 yaşlı uşaqlar 60-90 dəqiqə arasında televizora baxmalıdır. Telefonlarda da bu nəzərə alınmalıdır”.
Analar uşaqları televizordan necə uzaq tutmalıdır?
Mütəxəssislər uşaqların istəkləri, televizora olan maraqlarını nəzərə alaraq valideynlərə bunları məsləhət görür:
- Uşağa davranışlarınızla nümunə olun: Uşağınızın oyaq olduğu saatlarda siz də TELEVİZOR izləməyin. Bunun əvəzinə ailəliklə kitab oxuyun.
- TV saatlarını məhdudiyyətlə bölün, nə seçəcəyinizə fikir verin. Mümkünsə heç baxdırmayın, ancaq öyrənmək, bilik əldə etmək fikriniz varsa, onda uşağın yaşını və izlənilmə vaxtını nəzərə alın. 3-6 yaş arası uşaq gündə ən çox 30 dəqiqə sizin seçmiş olduğunuz, məzmunu yaşına və inkişafına uyğun bir proqram izləyə bilər.
- TV izləmək yerinə çölə çıxması, parka getməsi, həmyaşıdları ilə oynaması, materiallara, obyektlərə toxunaraq birbaşa təmas ilə təcrübə toplamasını təmin etmək lazımdır. İdmanla məşğul olmaq yaxşı seçim ola bilər.
- Özünə inamı yüksək, öz ayaqları üzərində dayanan, çətinliklər qarşısında məğlub edilməyən, pessimist olmayan, pozitiv ruhlu övlad yetişdirmək istəyirsinizsə, övladınızı televizorun zərərli şüalarından uzaq tutun.
Vüsalə Əlövsətqızı

