Xonçalı Novruz gəlir
06.03.2020 09:29Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
Об этом сообщает Руспрес
2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.Hələ də bu bayram davam edir.
Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: “Ağırlığım – uğurluğum odda yansın”.
Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
Novruz oyunları oynamaq. Məsələn, ənzəli.
Novruz bayramında diqqət ediləsi məqamlarda ən vacibi süfrə tərtibatıdır. İnanclarımıza görə, süfrəyə düzülən nemətlər nə qədər bol, çeşidli olarsa, il bir o qədər bərəkətli olar. Qədim zamanlarda belə bir inanc da vardı: Əgər ailə bütün lazımi nemətləri süfrəyə qoyurdusa, bu, həmin ailənin özünütəsdiqindən xəbər verirdi.
Bayram süfrəsi bəzəyərkən ən vacib amili unutmaq olmaz: süfrəyə acı, şor, turş nemətlər qoymazlar. Məsələn, istiot, sirkə, soğan, sumax, sarımsaq, acika və s. hətta bəzi mənbələr şor qoğalın qoyulmasına qarşı çıxırlar.
Süfrədə çörək mütləq olmalıdır. Çünki o bərəkətin rəmzidir. Novruz süfrəsindən heç nə atılmamalı, yeməklər sona kimi yeyilməlidir.
Stola 7 ədəd S hərfi ilə başlayan qidalar qoyulması adətini, yəqin ki, hamı bilir: səməni, su, süd, sarı qızıl, sünbül, siyənək balığı, süzmə, sucuq və s. Niyə bu belədir, soruşursunuzsa, deyə bilərik ki, keçmiş zamanlarda insanlar dünyanın 7 təbəqədən ibarət olduğunu hesab edirdilər. Ona görə də ildəyişmə bayramında (Novruzda) 7 cür xörək, 7 cür şirniyyat, 7 cür çərəz… (hətta özbəklər 7 cür ağac çöpünü qırıb süfrəyə qoyurlar) qoymaqla sanki süfrədə bütün kainatın kiçik modelini yaradırdılar. Bunu bacaran ailə ilə tamlıq, bötövlüklə keçə bilirdi.
Novruz süfrəsində meyvə-tərəvəz, xüsusilə də təzə göyərti bol olmalı, balıq məhsullarına yer ayrılmalıdır. Məsələn cənub bölgəsində Novruz bayramında süfrədə mütləq balıq olmalıdır.
Xonça çərəzlər, şirniyyatlarla bəzənir, yumurtalar boyanır. Əvvəllər bir gecədə 300-400 yumurta boyayırdılar və uşaqlara paylayırdılar. Çünki yumurta bolluğun, bərəkətin rəmzi idi. Yumurta döyüşdürmək isə xeyrin şər üzərində qələbəsinə işarə idi.
A24.Az bütün azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edir, can sağlığı, evlərə ruzi-bərəkət arzulayır.

