Köhnə metro qatarlarına kondisioner quraşdırılacaqmı? – Metropoliten rəsmisi vaxt açıqladı
05.03.2020 11:14“İslam Oyunlarının keçirilməsi ilə bağlı Bakı Metropoliteninin ilkin qərarı yoxdur”.
Об этом сообщает Роспрес
Bu fikirləri A24.Az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev ölkədə keçiriləcək idman yarışları ilə bağlı metroda hansı işlərin görüləcəyi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İslam Oyunları ilə bağlı hələ ki qurumda ilkin qərar yoxdur:
“Yeni vaqonların gətirilməsi məsələsinə gəlincə, onlar I Avropa Oyunlarına görə gətirilməmişdi. Əvvəlcədən Fransa şirkəti ilə müqavilə bağlanmışdı. Yeni qatarlar almalı idik. Müqaviləyə əsasən onu da aldıq. Yəni həmin vaxt qatarların alınmasının Avropa Oyunları ilə heç bir əlaqəsi yox idi”.
Qarşıdan yay fəslinin, isti günlərin gəldiyi nəzərə alındıqda Bakı Metropolitenində hansısa işlərin görülüb-görülüməyəcəyi barədə suala cavab olaraq qurum rəsmisi qeyd edib ki, köhnə qatarlarda havalandırmanın maksimum səviyyədə yüksək saxlanılmasına çalışırıq:
“Bu danılmaz faktdır, amma bu istiqamətdə işlər görülür. Yəni gördüklərimi deyirəm, sərnişinlərdən bunu hiss edən də var, etməyən də. Ötən illərə baxanda getdikcə havalandırma sistemini maksimum səviyyədə dəyişməyə çalışırıq. Bəli, mövcud qatarlarımızda havalandırma sistemi yoxdur. Daha doğrusu kondisionerimiz yoxdur. Orda təbii havalandırmadır. Burda əsas məsələ yerin altında, tunnellərdə havanın daha təmiz və sərin saxlanılmasından gedir. Əsasən də təmiz saxlanılmasından gedir. Bakı elə bir şəhərdir ki, burada hava həddən artıq isti olur. Biz sadəcə təbii havalandırma, eyni zamanda ventilyasiya vasitəsilə tunellərdə və stansiyalarda havanı bacardığımız qədər sərin saxlamağa çalışırıq. Və ən əsası insan həyatına təhlükə törətməyəcək səviyyədə təmiz saxlanılmasına önəm veririk. Buna da nail olmuşuq. Bununla bağlı kifayət qədər texnika və avadanlıq almışıq. Hər tərəfli şəkildə ölçüb-biçirik ki, hansısa bir problem olmasın”.
Ölkədə keçirləcək beynəlxalq idman oyunları ilə bağlı yeni qatarlar alınacaqmı?
Metropoliten rəsmisi bu sualımıza cavab olaraq söylədi ki, yeni vaqonların alınması məsələsi gündəmdə deyil:
“Çünki yeni qatarların alınması üçün mövcud qatarlarımız istismar müddətini başa vurmalıdır. Hər bir texnikanın istismar müddəti olduğu kimi vaqonlarda da bu hal var. Hazırda da istifadə olunan qatarlarımızdan heç biri istismar müddətini başa vurmayıb. Buna görə biz həmin qatarları xətdən də çıxa bilmərik. Biz onları təmir edirik, əsaslı və cari təmirdən keçiririk, tamamilə rekonstruksiya edirik. Hətta mövcud qatarlara yeniliklər belə tətbiq edə bilirik. Ancaq havalandırma, kondisioner sisteminin quraşdırılması hələ ki mümkün görünmür. Edə bilməyəcəyik. Bəli, bu bizim danılmaz faktımızdır ki, yeni aldığımız 3 qatar istisna olmaqla köhnə qatarların içində hava isti olur. Bu problemi də gələcəkdə, köhnə mövcud qatarlarımız istismar müddəti başa çatdıqdan sonra yeni qatarlar alınarkən həll edəcəyik. Bu məsələdə diqqətli olub, kondisionerli vaqonlar alınacaq”.
Ölkədə keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı Bakı Metropilteni hansı işləri görəcək?
Mətbuat katibinin sözlərinə görə, metropolitendə bu oyunlarla bağlı yaxın günlərdə müvafiq qərar qəbul olunacağı gözlənilir:
“IV İslam Həmrəylik Oyunlarının keçirilməsi ilə bağlı heç bir tərəddüdümüz yoxdur. I Avropa Oyunlarını mükəmməl şəkildə yola verən Bakı Metropoliteni üçün İslam Oyunları o qədər də çətin olmayacaq deyə düşünürəm. Sadəcə olaraq qrafika uyğun hansı qərarlar veriləcək, iş prinsipi, iş saatları (yəni metro saat neçədən neçəyə qədər çalışacaq) bəlli olacaq, bu kimi hallarla bağlı müvafiq tapşırıqlar müəyyənləşdiriləcək”.
Qeyd edək ki, bu ilin may və iyun aylarında ölkədə iki mötəbər idman yarışı baş tutacaq. Belə ki, 12-22 may tarixlərində IV İslam Həmrəylik Oyunları, 23-25 iyun tarixlərində isə Formula 1 yarışları keçiriləcək.
Orxan Aslanlı

