Məlum və naməlum Üzeyir Hacıbəyov – ARAŞDIRMA
05.03.2020 11:22Əvvəlcədən qeyd edək ki, 63 illik ömrünün 60 ilini Üzeyir bəy Hacıbəyli Çar Rusiyası və Sovet Azərbaycanında Hacıbəyov soyadı ilə yaşayıb və yaradıb. Məqalə sənədlər əsasında yazıldığı üçün müəllif, Hacıbəyov soyadını saxlayıb.
Об этом сообщает Футляр от виолончели
Azərbaycanın XX əsr mədəniyyət və musiqi tarixində Üzeyir bəy Hacıbəyov (Hacıbəyli) qədər hələ öz zamanında geniş şöhrət qazanaraq tanınan və sonralar da adı və xatirəsi daim əziz tutulan ikinci bir şəxs təsəvvür etmək çətindir. Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına həsr edilmiş ən müxtəlif səpkili əsərlərin – irihəcmli monoqrafiya və tədqiqatlardan tutmuş, məqalə, oçerk, esse və d. yazılara qədər – sayı minlərlə ölçülür və kiçik xülasələr, rəylər, xəbərlər hələ bu sıraya daxil edilmir. Onun haqqında onlarla sənədli və bədii filmlər çəkilmişdir. Yalnız Azərbaycan, və ya keçmiş Sovet məkanında deyil, xarici ölkələrdə də yaxşı tanınan, əsərləri haqqında ən müxtəlif dillərdə yüzlərlə yazılar dərc olunan bu böyük, sözün əsl mənasında dahi adlandırılacaq bəstəkarın adı yalnız onun özünə deyil, mənsub olduğu xalqa və ölkəyə də geniş şöhrət gətirmişdir.
Bunun müqabilində istər xalqı, istərsə də mövcud hökumət dairələri Üzeyir bəyin xidmətlərini layiqincə qiymətləndirmiş, xüsusilə Sovet dövrü Ü.Hacıbəyov ölkənin və dövlətin ən yüksək ad və mükafatlarına layiq görülmüş, musiqi yaradıcılığı, təhsili və elmi sahələrində ən yüksək vəzifələr tutmuş, Sovet dövlətinin ali seçkili orqanlarında təmsil olunmuş, böyük ehtiram, diqqət və qayğı içində yaşamışdır.
Lakin bütün bunlarla bərabər, Üzeyir Hacıbəyovun şöhrət və məhəbbət dolu ömür yolu, xüsusilə Sovet dövrü, heç də zahirən göründüyü kimi sabit və təlatümsüz olmamışdır. İllərlə basqı və qorxu, təqib və təzyiq şəraitində yaşayıb yaratmalı olan böyük sənətkar öz həyatının bəlkə də ən əlamətdar və mühüm saydığı zaman kəsiyindəki fəaliyyətini və mövqeyini gizlətməyə, yaxud “unutmağa” sövq edilmişdir. Onu bu “unutqanlığa” sövq edən rejim də ən müxtəlif səbəblərdən, Üzeyir Hacıbəyovun “unutduqlarını” “görməməzliyə” vurmuş, “görməli” olanda da “üstündən keçmişdir”. Hətta bəstəkarın ölümündən çox illər sonra, onun anadan olmasının 80 illiyinin Sovet İttifaqında siyasi iqlimin “mülayimləşmə” dövrünə təsadüf etdiyi bir zamanda belə Üzeyir Hacıbəyovun həyatının “unudulmuş” 5 ilini açıqlamaq mümkün sayılmamışdır.
1964-cü ildə “Azərbaycan opera sənətinin banisi, SSRİ xalq artisti, iki dəfə Dövlət (Stalin) mükafatı laureatı, akademik, bəstəkar, ədib, mühərrir, maarifçi, tərcüməçi və müəllim” Üzeyir Hacıbəyovun yubileyinin ən yüksək səviyyədə qeyd edilməsinə hazırlıq işləri başlarkən Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Ü.Hacıbəyovun vaxtilə ilk direktoru olduğu Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutu onun 10 cilddə əsərlərinin nəşrinə başlamışdır. Bu 10 cildə Ü.Hacıbəyovun ədəbi, publisistik və musiqi əsərləri daxil olmalı idi. Lakin 4-cü cilddən sonra “Əsərlərin” nəşri səbəb göstərilmədən dayandırılmış və bir daha davam etdirilməmişdir.
Əslində bu səbəb Üzeyir bəyin tərcümeyi-halına və publisistik irsinə az-çox bələd olanlara aydın idi: “Əsərlərin” 4-cü cildi Ü.Hacıbəyovun özünün redaktoru olduğu “Yeni İqbal” qəzetinin 1915-ci il 6 oktyabr tarixli nömrəsində dərc edilmiş “Ordan-burdan” başlıqlı felyetonu ilə bitirdi. Məntiqə görə 5-ci cildə müəllifin sonrakı illərdə digər mətbuat orqanlarında dərc edilmiş məqalə və felyetonları daxil edilməli idi. Ortaya çıxan “maneə” də məhz bu mətbuat orqanları – ilk növbədə Məhəmməd Əmin Rəsulzadənin redaktoru olduğu “Açıq söz” qəzeti, daha sonra isə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir bəyin özünün kiçik fasilələrlə düz 15 ay redaktorluq etdiyi “Azərbaycan” qəzeti – ilə bağlı idi.
Bu qəzetlərdəki yazılarında Üzeyir Hacıbəyov tamamilə milli məfkurə daşıyıcısı, Azərbaycan istiqlalı tərəfdarı, onun ən mübariz və qətiyyətli müdafiəçisi, erməni-daşnak və rus ağqvardiyaçı-bolşevik qüvvələrin barışmaz tənqidçisi kimi çıxış edir və xüsusilə kəskin anti-bolşevik mövqe nümayiş etdirirdi.
Bolşevik-kommunist Sovet rejiminin öz milli-mədəni siyasətinin təntənəsinin sübutu, partiya və hökumətin qayğısının nəticəsi olaraq yetişmiş milli Sovet yaradıcı ziyalıları arasında ən böyük və nüfuzlu simalardan saydığı Üzeyir Hacıbəyovun 1915-1920-ci illər fəaliyyətini, hətta onun ölümündən sonra belə, açıqlaması doğrudan da qeyri-mümkün idi. Çünki bu halda dahi bəstəkarın öz xalqı qarşısında böyük xidmətlərinin heç də yalnız onun ölməz musiqi əsərləri, yaxud musiqi mədəniyyəti və təhsili sahələrində fəaliyyəti ilə məhdudlaşmadığı meydana çıxırdı. Bu xidmətlərdən ən mühümü isə onun Azərbaycan Xalq Cümhuriyyətinin yarı rəsmi orqanı olan “Azərbaycan” qəzetindəki fəaliyyəti ilə bağlı idi.
1918-ci ildə “Azərbaycan” qəzetinə gələndə Üzeyir bəy artıq özünü sırf milli məfkurənin daşıyıcısı olmaqla yetkin bir siyasi publisist və ictimai xadim kimi təsdiq etmiş və milli istiqlal ideyası ətrafında cəmlənmiş görkəmli ictimai xadim və ədiblərinin cərgəsində öz yerini tutmuşdu. Lakin Üzeyir bəyi bu cərgəyə gətirən yol çox uzaqlardan başlayırdı.
Hələ yeniyetməlik və ilk gənclik illərindən Üzeyir bəy çoxşaxəli istedadı, bacarığı, zəhmətsevərliyi və yüksək əxlaqi keyfiyyətləri ilə onu əhatə edən insanların, o cümlədən, müxtəlif millətlərin nümayəndələrinin diqqətini cəlb etmiş və onların dərin hörmət qazana bilmişdi. Bu münasibətlərin ilkin təzahürləri artıq Qori Seminariyasında oxuduğu zaman meydana çıxmışdı. Seminariyada ilk dəfə Avropa klassik musiqisinin əsasları və not sistemi ilə tanış olan Üzeyir Azərbaycan xalq havalarını nota köçürərək dəftərçəsində qeydlər edirdi. Həmin qeydlər seminariya rəhbərliyinin diqqətini cəlb etmiş və “Qori dəftəri” adı ilə “ən yaxşı şagird işi kimi” 1902-1903-cü illər Paris sərgisinə göndərilmişdi.
1904-cü Qori Seminariyasını bitirən Üzeyir bu təhsil ocağının qanunlarına görə ən azı 3 il məcburi işləməklə Qarabağın Hadrut – erməni kəndinə müəllim təyin olunur. Lakin artıq 1 ildən sonra, 1905-ci ildə erməni-müsəlman silahlı münaqişələrinin başlanması ilə Üzeyir bəy gözlənilməyən bir şəraitdə həmin kəndi tərk etməli olur: gecə vaxtı bir dəstə erməni kəndlisi azərbaycanlı müəllimi yuxudan oyadır və gözlənilən təhlükə qarşısında təcili Hadrutdan getməyi məsləhət bilirlər. Kəndlilər Üzeyir bəyi özləri ilə gətirdikləri ata mindirir və yandırdıqları məşəllərlə ətrafı işıqlandıraraq onu Bakıya gedən yola çıxana kimi müşayiət edirlər. Bu hadisə təbii ki, gənc Üzeyirin hafizəsində iz buraxmaya bilməzdi və cəmi bir neçə ildən sonra, 1918-ci ildə, Qarabağda erməni üsyanları yeni qüvvətlə baş qaldırdıqda Üzeyir bəy bu mövzuda yazdığı onlarla məqaləsində yerli erməni kəndli əhalisini fitnəkar daşnak-andraniklərdən fərqləndirməyi və onların özlərini də erməni terrorçularından xilas etməyi zəruri sayacaqdı. (Son nəticədə, həqiqətən Azərbaycan hökumətinin və xüsusilə Qarabağın qubernatoru Xosrov bəy Sultanovun çox çevik, ehtiyatlı və cəsarətli siyasəti nəticəsində Qarabağın erməni əhalisinin böyük hissəsi Azərbaycan tərkibində qalmağa üstünlük vermişdi.)
1905-ci ildə Bakıya gələn 20 yaşlı gənc Üzeyiri bu böyük şəhərdə yeni həyat gözləyir. Mövcud bürokratik qayda-qanunlar çərçivəsində çətinlikdə Bibiheybət ibtidai məktəbə müəllim düzələn Üzeyir bəy çox qısa müddət ərzində azərbaycanlı – türk uşaqların tədrisi sahəsində bir çox problemlərin mahiyyətinə varır. İbtidai siniflər üçün ilk hesab dərsliyi, rusca-türkcə, türkcə-rusca lüğət hazırlamaqla bu sahədə ilk addımlarını atan gənc müəllim dərhal öz azərbaycanlı həmkarlarının diqqətini cəlb edir və 1907-ci ildən başlayaraq Bakıda müsəlman müəllimlərin elə bir yığıncağı, toplantısı, ya qurultayı olmur ki, orada Üzeyir Hacıbəyov Rəyasət Heyətinə seçilməsin, yaxud hansısa bir komissiyaya sədrlik, nəzarət və s. ona tapşırılmasın. Birmənalı demək olar ki, Üzeyir bəy öz həyatını yalnız təhsil sistemi ilə bağlasaydı belə, Azərbaycanın böyük islahatçı – maarifçiləri cərgəsinə daxil olacaqdı.
1905-ci il Bakının qaynar ictimai-siyasi və mədəni həyatı böyük istedadlar və cəsarətli arzular üçün böyük də imkanlar açırdı. Həmin dövr Rusiya inqilabının təsiri ilə imperiyanın ucqarlarında da yaranmış nisbi azadlıqlar şəraitində Azərbaycan milli mətbuatının təşəkkülü fonunda Azərbaycan milli şüurunun formalaşması prosesi sürətlə güc toplamağa başlayır. Azərbaycan ictimai-siyasi və ədəbi-mədəni fikrinin tanınmış nümayəndələri Əli bəy Hüseynzadə, Əhməd Ağayev, Əlimərdan bəy Topçubaşov, Cəlil Məmmədquluzadə, Ö.F.Nemanzadə və d. səyləri ilə bir-birinin ardınca yeni qəzet və jurnallar nəşrə başlayır, ilk müsəlman xeyriyyə cəmiyyətlərinin əsası qoyulur, gənc M.Ə.Rəsulzadə özünün ilk siyasi yönlü təşkilatını yaradırdı. Böyük istedad və fəaliyyət üçün son dərəcə münbit sayıla biləcək məhz bu mühitdə Üzeyir Hacıbəyovun güclü publisistik və satirik qələmə malik olduğu üzə çıxır. 1905-1916-cı illərdə qısa fasilələrlə (Moskva və Peterburqda təhsil aldığı illər) Ü.Hacıbəyov dövrün ən ciddi və sanballı mətbuat orqanlarında – “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Molla Nəsrəddin”, “Həqiqət”, “İqbal” və s.- ən müxtəlif mövzularda və ən müxtəlif janrlarda 700-dən artıq məqalə və felyeton yazmış, “İrşad” və “Tərəqqi” qəzetləri redaksiyalarında mütərcim və felyetonçu işləmiş, müxtəlif illərdə “Tərəqqi”, “Yeni İqbal” və “Həqiqət” qəzetlərinin mühərriri və redaktoru olmuşdur.
Elə həmin dövr Üzeyir bəy özünün professional musiqi sahəsində ilk addımını atmış, 1908-ci ilin yanvarında “Leyli və Məcnun” operası ilə yalnız Azərbaycanda deyil, bütün müsəlman Şərqində operanın əsasını qoymuş, 1915-ci ilə qədər daha 5 opera və 3 operetta yazmaqla və onlara səhnə həyatı verməklə özünün bu sahədə də böyük istedad və təşkilatçılıq qabiliyyətini tam şəkildə təsdiq etmişdir.
Lakin bütün bu uğurlar heç də asan başa gəlmirdi. Rusiya imperiyasının idarə aparatı, Dövlət Dumasının fəaliyyəti, qeyri-rus xalqlara və millətlərə münasibət, və s. kimi siyasi-ictimai mövzularda ciddi tənqidi mövqedən yazılmış məqalə və çıxışlara görə çar hökumətinin senzura orqanları qarşısında cavab verməli olduğu halda, bəzi yerli mətbuatın açıq-aydın qərəzli, böhtan və təhqir dolu hücumları gənc mühərrir, jurnalist və bəstəkarı yalnız özünü deyil, həyatını həsr etdiyi işin və amalının müdafiəsinə qalxmağa vadar edirdi. Üzeyir bəyin ümummilli, xalq mənafeyini şəxsi maraqlarından üstün tutması kimi keyfiyyəti özünü hələ 1909-cu ildə “Zənbur” jurnalının ona və redaktoru olduğu “Tərəqqi” qəzetinə hücum kampaniyası zamanı büruzə verir.
“1908-ci ildə “Tərəqqi” qəzetinin təsisçisi və redaktoru Əhməd bəy Ağayev İstanbula uzunmüddətli səfəri ilə əlaqədar qəzetin müvəqqəti mühərrirliyini redaksiyanın gənc əməkdaşı Üzeyir Hacıbəyova tapşırır. Bu qəzetin Azərbaycan cəmiyyətində nüfuzu, onun iti qələmli redaktorunun isə üstəlik bəstəkar şöhrəti görünür ki, satirik “Zənbur” jurnalının rəhbərliyini narahat edir və onu hörmətdən salmaq, həm də öz adlarını qaldırmaq niyyəti ilə jurnalda bir neçə qərəzli, açıq-aydın fitnəkar məzmunlu yazılarla bərabər Ü.Hacıbəyovun qarabağlılara məxsus geyimdə karikaturası çap edilir.
Bu hücumlara cavab vermək qərarına gələn Üzeyir bəy öz yazısını belə başlayır: “Ümum millətimizin asayiş və səlamətini gözləyən “Tərəqqi” kimi bir qəzetin mühərriri olduğum üçün “zənburçulara” ciddi surətdə təklif edirəm ki, mənə qarşı hər nə həzyənat söyləyəcəklərsə söyləsinlər. Lakin məni bəhanə edib də yekdil və yekvücud olması lazım gələn millətimizin içinə “qarabağlı”, “bakılı” kimi fitnəəngiz məsələlər salmasınlar…”
“Tərəqqi” qəzetində dərc olunmuş və bir qədər emosional ruhda yazılmış bu cavabı İstanbulda oxuyan Əhməd bəy Ağayev özünün 24 yaşlı gənc həmkarına göndərdiyi məktubda qəzeti və şəxsən Əhməd bəyi müdafiə etdiyi üçün təşəkkürünü bildirməklə yanaşı sakit olmağı, bir daha belə şeylərə cavab verməməyi tövsiyə edir: “Sən öz işinlə məşğul ol, bacardıqca millətinə xidmət et… Əmin ol ki, əhali nə qədər avam olsa da, hər kəsi gözəlcə bilir, tanıyır. Ona görə də hər kəsi qədrincə təqdir edir!”
Bu tövsiyə Üzeyir bəyin qarşıdakı geniş siyasi və ictimai publisistik fəaliyyətinin hər hansı şəxsi inciklik və emosiyalardan uzaq, təmkin və soyuqqanlılıq, eyni zamanda güclü məntiq, əsaslandırılmış təhlil və tənqid, inandırmaq məharəti kimi xüsusiyyətlərə malik olmaqla tamamilə yeni bir mükalimə aparmaq səviyyəsinə qalxmasında mühüm rol oynayır.
Məşğul olduğu bütün sahələrdə nümayiş etdirdiyi danılmaz istedadla yanaşı ictimai fəallığı, iti müşahidə, nəticə almaq və qərar vermək qabiliyyəti, ən nəhayət, bütün qanına və canına hopmuş yüksək vətənpərvərlik və millətsevərlik hissləri Üzeyiri vətən və millətin taleyində daha yaxından iştirak etmək qənaətinə gətirir.
1915-ci ilin sonlarından başlayaraq Üzeyir bəyin imzası dövrün ən görkəmli ictimai xadim və ədibləri Ə.b.Ağayev, Ə.Haqverdiyev, H.Cavid, Ə.Cavad, T.Şahbazi, Y.V.Çəmənzəminli, N.Vəzirov, Ə.Əzimzadə və d. ilə birlikdə “Türkləşmək, Modernləşmək, İslamlaşmaq” şüarı altında çıxan “Açıq söz” qəzetinin fəal yazarlarının sırasında görünür. Başda qəzetin redaktoru M.Ə.Rəsulzadə olmaqda Azərbaycan milli ideologiyasının formalaşmasında müstəsna xidmətləri olan bu mətbuat orqanının səhifələrində Ü.Hacıbəyov artıq sırf milli məfkurənin daşıyıcısı, yetkin bir siyasi publisist və ictimai xadim kimi geniş türk-azərbaycanlı kütlələrin milli şüurunun oyanması prosesində iştirak edir. Rusiyada 1917-ci il Fevral inqilabı, daha sonra Oktyabr çevrilişi Azərbaycan milli qüvvələrini, və sözsüz bu sıraya daxil olan Üzeyir Hacıbəyovu da Azərbaycan xalqının gələcək müqəddəratı ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirmək zərurəti ilə üzləşdirir. Məhz bu dövrdən başlayaraq Üzeyir bəy, özünün gələcəkdə müsavatçılar barəsində dediyi kimi, “heç bir “sağ” ya “sol” cərəyanlara meyl etmədən” sırf milli-istiqlal tərəfdarı kimi çıxış edir.
Maraqlıdır ki, elə Üzeyir bəyin ictimai-siyasi fəaliyyəti ilə bəstəkarlıq fəaliyyətini birləşdirmək cəhdi ilk dəfə məhz bu dövrdən başlayır. 1917-ci ilin sonlarında Y.V.Çəmənzəminlinin “Açıq söz” qəzetində Üzeyir bəyə ünvanlanan “hər millətin, xalqın öz milli marşı var, bizimki niyə olmasın” təklifini qəbul edən publisist-bəstəkar az sonra elə “Açıq söz” qəzetinin səhifələrində artıq belə bir “milli himn” yazdığını bildirir və bu musiqi növünün əhəmiyyətini izah etməklə marşın 1918-ci ilin ilk günlərində “O olmasın, bu olsun” tamaşasından qabaq çalınıb oxunacağını xəbər verir. Həmin yazıda Üzeyir bəyin ilk himn bəstələmək təcrübəsi sayıla biləcək bu milli marşın tam mətni də dərc olunur. Məşhur türk hökmdarlarının adları çəkilən, türkün qüdrətindən bəhs olunan həmin mətndən bu ilk milli marş- himnin tam türkçülük ruhu daşıdığı bəlli olur.
Lakin 1918-ci ilin əvvəllərində Bakının son dərəcə gərgin siyasi abu-havası Üzeyir bəy də daxil olmaqla, Azərbaycan milli qüvvələrinin istiqlal arzusunun asanlıqla reallaşacağından xəbər vermirdi. Yaranmış vəziyyəti real qiymətləndirən “Açıq söz” dönə-dönə şəhərin müsəlman əhalisini mümkün qədər ayıq olmağa, təxribatlara uymamağa çağırırdı. 1918-ci il mart hadisələri bu çağırışların nə qədər əsaslı olduğunu göstərdi. Qanlı mart faciələrini bütün Bakı əhalisi ilə birlikdə yaşayan Üzeyir bəy, erməni silahlı dəstələrinin öldürmək, həbs və talan məqsədilə əllərindəki hazır siyahılarla tanınmış müsəlman xadimlərinin və zənginlərinin evlərini gəzdikləri həmin günlərdə, kifayət qədər tanınmış şəxs olmasına və yaşadığı evin hücuma məruz qalmasına baxmayaraq, nəinki gizlənmir, əksinə Əli Mərdan bəy Topçubaşovun qırğınları dayandırmaq məqsədilə danışıqlar aparmaq üçün yaratdığı ziyalılar dəstəsinə daxil olur.
Lakin “Bakını xarabazara döndərməyi vəd edən” bolşevik-daşnak qüvvələrinin öz məqsədlərinə çatdıqdan sonra Ə.M.Topçubaşov daxil olmaqla başladıqları kütləvi həbslər qarşısında Üzeyir bəy yaxın qohumu bolşevik Hənifə Terequlovun vasitəsilə Bakı Soveti İcraiyyə Komitəsinin sədri G.Caparidzedən “vətəndaş müharibəsi” dövründə şəhərdə tamaşa vermək imkanından məhrum olan “Hacıbəyov qardaşlarının teatr truppasının” İrana qastrola getməsi üçün icazə ala bilir.
20 ildən sonra, Stalin repressiyaları dövründə bu faktı “Sovet hakimiyyətindən qaçmaq” kimi qiymətləndirərək Üzeyir bəyə xatırladacaqlar. Lakin 1918-ci ilin yazında ailəsi, anası və teatr truppası ilə İranın Gilan vilayətinə gedən Üzeyir bəy, bununla, mümkündür ki, özünün və bir çox yaxınlarının həyatını təhlükədən xilas edir. “Mart qırğınları” nümunəsində Sovet hakimiyyəti ilə bu ilk tanışlıq Üzeyir bəyin siyasi görüşlərində kəskin anti-bolşevik bir mövqenin formalaşmasına gətirib çıxarır ki, bu mövqeyini o, az sonra “Azərbaycan” qəzetindəki yazılarında tam çılpaqlığı ilə ortaya qoyacaq.
“Azərbaycan” qəzetinin redaktoru olduğu müddətdə musiqi fəaliyyəti ilə çox az məşğul olan Üzeyir bəy bununla belə Cümhuriyyət dövrü özünün ən möhtəşəm əsərlərindən birini – Azərbaycan Dövlət himnini bəstələyir və özünün ən poetik yazısını Azərbaycanın üçrəngli bayrağına həsr edərək onu “Bayrağımız sarsılmaz” başlığı ilə qəzetdə dərc edir: “Müqəddəs bayrağımızın münəvvər rəngləri günəşin ziya və şəfəqləri kimi təcəlli edir. Zülmət dostu olan sağ və sol düşmənlərimiz xain gözləri bu nurlardan qamaşır.
Münəvvər bayrağımızın üçrəngli parçasını övci- səmayə qaldıran ağacı iti bir ox olub alçaq düşmənlərimizin qara qəlblərini deşməkdədir.
Müzəffər bayrağımızı möhkəm tutmuş olan müqəddəs əllərin getdikcə artmaqla olan qüdrət və qüvvəti zalim düşmənlərimizin namərd belini sındırmaq və alçaq başlarını əydirmək üzrədir…
O ağac sınmaz, o nur sönməz, o əl dönməz! Çünki bayrağımız, həqq bayrağıdır. O bir millətin hüquqi-bəşəriyyəsinin harisidir. Bir millət ki, onun da insan kimi yaşamağa haqqı vardıq! Bir millət ki, daha əsir olmaq istəmir!…
Zülm və əsarətin yoğun zəncirlərini qırıq-qırıq etməyə qadir olmuş bir millətin haqq və hürriyyət bayrağı enməz, sarsılmaz!
Göründüyü kimi, Azərbaycan bayrağının yalnız dövlət simvolu olmayıb, bir millətin azad yaşamaq haqqını təcəssüm etdirdiyini vurğulayan Üzeyir bəy eyni zamanda bu bayrağın təcəssüm etdiyi Azərbaycan İstiqlalının düşmənləri məsələsini də daim diqqətdə saxlayır. Bu mövzuya həsr etdiyi yazılarının bir çoxunda daxili “gizli” düşmənlərdən fərqli olaraq Azərbaycan istiqlalının “açıq” düşmənlərini Üzeyir bəy adları ilə göstərirdi. Bunlar ilk növbədə “Vahid və bölünməz Rusiya” tərəfdarları olan Milli Rus Komitəsinin rəhbərləri və fəalları, “daşnakdan dönmə” nasional-bolşeviklər Mirzəyan və Mikoyan, “qırmızı Qarayev” (Əliheydər Qarayev) və digərləri idi. Maraqlıdır ki, azərbaycanlı bolşeviklərə də etimad göstərməyin qeyri mümkünlüyünü dəfələrlə vurğulayan Üzeyir bəy bu cərgədə N.Nərimanovun da adını çəkir, onu Bakıda açıq şəkildə rus ağqvardiyaçı qoşunların təşkili ilə məşğul olan və yalnız “Azərbaycan” qəzetinin, o cümlədən, onun redaktorunun, inadlı yazıları və tələbləri sayəsində ölkədən çıxarılan gen. Podşibakin ilə müqayisə edir: “Denikinçi Podşibakin “Vahid Rusiya Bakısız yaşayamaz” dediyi kimi, bolşevik Nərimanov dəxi “Sovetski Rusiya Bakısız yaşayamaz” deyir”.
Azərbaycan Parlamentinin iclaslarını daim geniş işıqlandıran “Azərbaycan” qəzetində Üzeyir bəy ayrı-ayrı fraksiyaların ən mühüm məsələlərin müzakirələrində, xüsusilə hökumətə münasibətdə tutduğu mövqeyə xüsusi diqqət yetirir. Məs., “sol” (sosialist) fraksiyanın əsas şüarı olan “inqilabçılıq” məntiqini müəllif “dörd bir tərəfə dönən və heç bir tərəfdə səbat etməyən rəngsiz, məcazsız, təbiətsiz bir şey” kimi səciyyələndirir, “sol tərəf müxaliflərinin” hökumətin təşkilində iştirak etdiklərini, lakin az sonra ona sorğular verib etimadsızlıq göstərdiyini bildirir. Həmçinin, “sağ” tərəfin hökumət platformasının əsaslarına tərəfdar olduğu, sonra bu əsasları öz əlilə pozmağa çalışdığı vurğulanır, bu cinahın “fərqləndirici əlaməti nə hökumətdir, nə də hökumətsizlik, ancaq durğun suyu bulandırmaqdır” – deyə nəticə çıxarılır.Parlaman kürsüsündə bəzi deputatların hökumətin fəaliyyətinə dair müxalif çıxışlarını “heç bir əsas, heç bir fikir yox! Ancaq şəxsi tərzlər və şəxsi rəqabətlər var” – kimi izah edən Ü.Hacıbəyov Azərbaycan hökumətinin mütəmadi olaraq böhran keçirməsi, istefa vermək məcburiyyətində qalmasının əsas səbəbi kimi ilk növbədə məhz Azərbaycan Parlamentinin “məmləkətin halından heç bir şey anlamadığı halda sağ və sol müxaliflərinin” əsassız hücum və tənqidlərini göstərirdi.
Bu tənqidlərə rəğmən Ü.Hacıbəyov Azərbaycan hökumətinin fəaliyyətini ümumiyyətlə müdafiə edir, xüsusilə bir neçə kabinədə hökumət başçıları olmuş Fətəli Xan Xoyskinin və Nəsib bəy Yusifbəylinin zəhmət və fədakarlığını çox yüksək qiymətləndirirdi. Azərbaycan tarixində artıq “mühüm mövqe” tutmuş olan F.X.Xoyskinin ən ağır şəraitlərdə hökumətin təşkilini öz boynuna götürməsini və sonrakı fəaliyyətini “ayrı-ayrı parçalardan əmələ gəlmiş” bir gəmini “fırtınalı gündə qorxulu dağların, daşlarının arasından kəmali-ehtiyat və ehtiram ilə fırtına sakit olana qədər salamat keçirmək” ilə müqayisə edir, ingilis generalı Tomsonun “Azərbaycanda ancaq Azərbaycan hökuməti tanınacaqdır” kimi fövqəladə əhəmiyyətli qərarının birbaşa F.X.Xoyskinin “səyi, çalışması və aqilanə siyasəti” nəticəsində verildiyini vurğulayırdı. Bunun müqabilində Xoyski hökumətini daima “bacarıqsızlıqda” ittiham edən bəzi Parlament fraksiyalarını, xüsusilə “İttihad”çıları, yersiz və haqsız iradları ilə baş naziri tam əsəbi vəziyyətə salıb öz xahişi ilə istefa vermək həddinə çatdırdıqları üçün kəskin tənqid edir, “istiqlaliyyətimizin hələ rəsmən tamam olmadığı” bir zamanda hökumətin bacarığını, Xoyskinin özü demişkən, “Tağıyev fabrikasının 5 arşını ilə ölçməyin” zərərli olduğunu göstərirdi: “…vaqedə bez oğruyanlar, rüşvətxorlar və s. cinayət sahibləri varsa və şikayət bunun üstündə isə o halda o cürə xainləri hökumət əliylə tutdurub məhkəməyə vermək lazımdır, daha hökuməti itələyib yıxmağın mənası nədir?!”
Eynilə, Nəsib bəy Yusifbəyli hökumətinin Parlamentdə “sağdan” və “soldan” aramsız tənqid edilməsi qarşısında Üzeyir bəy hökumətin gördüyü mühüm işləri sadalayır: “Dağ böyüklüyündə iri olan Qarabağ məsələsini” Azərbaycanın xeyrinə həll edən, “Lənkəranı qan tökmədən, qurban vermədən yabançılar çənqalından qurtaran”, “Ümumqafqaz” – Dağıstan müsəlmanlarına hərtərəfli yardım edən, mütəşəkkil Ordu yaradan, ölkəni rüşvətxor məmurlardan təmizləməkdə olan, Universitet açan, “kasıb-küsublara 3-4 manata çörək yedirdən”, asayiş, əmin-amanlıq və rahatlığı bərpa edən, nəhayət “qəlbində vətən və millət məhəbbəti olub da səmim qəlb ilə çalışan, vuruşan, istirahət nə olduğunu bilməyən hökuməti və onun rəisini işsizlikdə, bacarıqsızlıqda ittiham etməyi” Üzeyir bəy ya “əql və insafdan xali olmaq”, ya da artıq başqa bir məqsəd güdməklə izah edir.
Parlamentdə yalnız “Musavat” partiyasının hökuməti ardıcıl olaraq müdafiə etdiyini, bu fraksiyanın lideri M.Ə.Rəsulzadənin şəxsən “şücaətanə” bir bacarıq və əsaslı dəlillərlə hökumət “müxaliflərini” susdurduğunu və dəfələrlə növbəti hökumət böhranının qarşısını aldığını Üzeyir bəy öz məqalələrində dönə-dönə vurğulayırdı. Görünür ki, bu yazılarına görə sosialistlərin “Zarya” qəzeti “Azərbaycan” qəzetini istehza və kinayə ilə “Musavat” partiyasına mənsub “firqəvi qəzetə” adlandırır. Bu çıxışa dərhal cavab verən Üzeyir bəy nəzərə çatdırır ki, “Azərbaycan” partiya qəzeti deyil və məsləki “Vətən istiqlalı yolunda çalışmaqdan ibarət” olmaqla “xüsusi firqəvi proqram daxilində məhdudlaşmır”. Lakin elə bu cavabında da Üzeyir bəy “heç də gizlətmir ki, mövcud partiyalarımız arasında Azərbaycan istiqlalını kəmalınca, beduni-haşiyə arzu etmək və bu yol uzunu gedərkən sağa və sola dönmək tərəddüdündən azad olub rast bir istiqamət üzrə getmək qəsdini yalnız bir “Musavat” firqəsində müşahidə etdiyimizdən bu firqəni istiqlal xadimlərindən ən sadiqi hesab edib, onun fikr və arzularına qəzetimizdə kəmali-məmnuniyyətlə yer verməyi özümüzə borc bilirik!”
Beləliklə, Azərbaycan istiqlalı məsələsi “Azərbaycan” qəzetinin və onun redaktorunun ətrafdakı bütün hadisələrə, partiyalara, siyasətçilərə münasibətdə əsas meyar olaraq qalır. Bu baxımdan Ü.Hacıbəyov düşmənlərin Azərbaycan istiqlalına digər yollarla zərbə vurmaq planlarını da açıqlayır,”dünən daşnak cərgəsində olub, bu gün bolşevik maskası” geyən, “utanmadan, kələklər qurub” hətta Azərbaycan sosialistlərini də fəhlələr qarşısında nüfuzdan salan Mikoyanın, “vətən, millət tanımayan”, “parlaman minbərini mitinq kürsüsünə döndərib bolşevikyanə çıxışlar edən” Əliheydər Qarayevin Azərbaycan “füqəreyi-kasibəsini” Azərbaycan hökumətindən ayrı salmaq cəhdlərini, bu qüvvələrin təşkil etdikləri fəhlə tətillərinin, xüsusilə 1919-cu il may ayında hazırlanmış geniş miqyaslı iqtisadi tətilin arxasında məhz ölkədə xaos yaratmaq və çevriliş etmək niyyətlərinin durduğunu sübut edirdi.
“Ciddi imtahanla üzləşmiş” Azərbaycan hökumətinin müsəlman fəhlələri ilə birlikdə bu təhlükənin də qarşısını ala bildiyini böyük sevinclə qeyd edən Ü.Hacıbəyov düşmənlərinin qərəzlə “xan-bəy hökuməti” adlandırdığı hakimiyyətə zəhmətkeş təbəqələrin etimadının səbəblərini açıqlayırdı: “Azərbaycan füqərayi-kasibəsi, ümum-Azərbaycan əhli öz hökumətinin səyi və təlaşı altında indi-indi ağ gün üzü görməyə qədəm qoymuşdur. İndi-indi öz varlığını, öz insanlığını dərk etməyə başlamışdır. İndi-indi öz vətənini vətən, öz millətini millət hesab edib, azad və asudə yaşamağa imkan bulmuşdur”.
Lakin Azərbaycan istiqlalının təminatçısı olan Azərbaycan hökuməti yalnız mövcud hakimiyyəti yıxıb, “sosializm evi” qurmaq arzusunu gizlətməyən bu arxalı qüvvələrin hücumuna məruz qalmırdı. Parlamentdə təmsil olunan digər partiya və fraksiyaların, “İttihad”, “Əhrar” və d. , artıq adi hal alan hökumətə qərəzli, tənqidi münasibətinin arxasında çox vaxt şəxsi hakimiyyət arzusu dururdu. Bütün bu amillərin nə qədər təhlükəli olduğunu yaxşı başa düşən Ü.Hacıbəyov həmin qüvvələrə ən ciddi şəkildə xəbərdarlıq edirdi: “Parlaman üzvləri hökumət böhranlarına saymazyana bir nəzərlə baxmağı zənnimizcə tərk etməlidir. Bir şey ki, yerindən oynamağa adətkərdə ola, axırda “laxlaq” olar. Dəqiqə başına bir böhran törətməklə axırda öylə fəna nəticələrə yetişərik ki, məmləkət və əhali böyük zərər və ziyanlara düçar olar…”
(ardı var…)
Solmaz Rüstəmova-Tohidi
tarix elmləri doktoru, professor

