Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Metro mahnılar” eşitmişdiniz? – ARAŞDIRMA

05.03.2020 11:27

“Retro mahnılar” ifadəsini çox eşitmişik, “metro mahnılar”ı isə indi təqdim edəcəyik.

Об этом сообщает Роспрес

Gün ərzində 600 000-dən artıq insanın istifadə etdiyi Bakı metropolitenində 24 stansiya var. Bunlardan 20-də qatar durarkən stansiyanın elan olunmasından əvvəl musiqi parçası səsləndirilir. Metrodan gündəlik istifadə edənlər artıq stansiyanın adının elan olunmasını gözləmir, musiqinin səsindən stansiyanı müəyyənləşdirir.
Çox güman ki, Bakıdan uzun müddət uzaq qalan insanın qulağında bu musiqilər olduqca nostalji hisslər də oyadır. Bəs bu musqilərin hamısının adı, bəstəkarı ilə tanışıqmı?
A24.Az bu yöndə kiçik araşdırma aparıb.
Bu musiqilərin əksəriyyəti 30 ildən artıqdır ki, metroda səslənməkdədir.
Öncə «Dərnəgül» stansiyasından başlayaq. Bu stansiyada Vasif Adıgözəlovun bəstəsi olan, daha çox Şövkət Ələkbərovanın təqdimatında dinlədiyimiz «Bakı» mahnısıdır.

Eyni xəttə üzrə davam etsək, növbəti stansiya «Azadlıq prospekti»dir. Burada dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun «Cəngi»si səsləndirilir. Bu çox güman ki, musiqinin azadlıq, qəhrəmanlıq, bağımsızlıq ruhu aşılaması ilə əlaqədardır. Yeri gəlmişkən vurğulayaq ki, bəzi stansiyalarda səsləndirilən musiqilərin stansiyanın adı ilə bir başa, dolayısı ilə heç bir əlaqəsi yoxdur.

«Nəsimi» stansiyasında «Gül açdı, bahar oldu» xalq mahnısını eşidirk.

«Memar Əcəmi» stansiyası… Yeri gəlmişkən bu stansiyanın adının niyə “Əcəmi”, “Əcəmi Naxçıvani” deyil, “Memar Əcəmi” olduğu bilinmir. Eyni məntiqlə yanaşsaq, digər stansiyalarda da “Bəstəkar Qarayev”, “Şair Nizami” kimi adlar görməli idik. Mətləbə qayıdaq, bu stansiyada dahi bəstəkarımız Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasından «Şəbi-hicran» parçası səsləndirilir.

Qanlı Yanvar faciəsi ilə əlaqəli olaraq «20 Yanvar» adlandırılan stansiyada bu əhvala uyğun «Bayatı-şiraz» muğamı səslənir.

«İnşaatçılar» stansiyasında Xalq mahnısı «Reyhan»ın sədaları gəlir.

«Elmlər Akademiyası» stansiyasında BDU və digər təhsil ocaqlarına yaxınlığı ilə əlaqəli olaraq Telman Hacıyevin bəstəsi «Tələbə» mahnısı səsləndirilir.

«Nizami» stansiyasında dünya şöhrətli şairin eyni adlı qəzəlinə Üzeyir Hacıbəyovun bəstələdiyi «Sənsiz» romansı eşidilir.

Metropolitenin «Həzi Aslanov» stansiyası Qəmbər Hüseynlinin «Ay işığında» mahnısı ilə asossasiya edilib.

«Əhmədli» stansiyası yeraltı nəqliyyat vasitəsi sərnişinlərini Tofiq Quliyevin «Bakı» mahnısı ilə salamlayır.

Bəlkə də dünyanın ən tolerant, işıqlı metro stansiyası adı olan «Xalqlar Dostluğu»nda Tofiq Quliyevin «Əziz dost» mahnısını eşidirik.

«Neftçilər»də Tofiq Quliyevin daha bir bəstəsi olan «Dostluq» mahnısı səslənir.

«Qara Qarayev» stansiyasına qapılar dahi bəstəkarın özünün müəllifi olduğu «7 gözəl» baletdən fraqmentlə açılır.

Adı “Əzizbəyov” olduqda bu stansiyada sözləri İslam Səfərliyə, musiqisi Tofiq Quliyevə məxsus olan, Rəşid Behbudovun oxuduğu «Arzu» mahnısından parça səsləndirilirdi. İndi isə bu yeraltı dayanacağın adı «Koroğlu»dur. Təbii ki, burada dahi Üzeyirin növbəti bəstəsi olan “Koroğlu” operasının üvertürası səsləndirilir.

Bu stansiyadan istifadə edənlərin sayının olduqca az olmasına rəğmən stansiyalar arasında ən ritmik musiqini «Ulduz»da eşidirik: Tofiq Quliyevin «Tez gəl» mahnısı. “Yar gəlir görüşə…”

«Nəriman Nərimanov» stansiyasında Arif Məlikovun «Güllərim» mahnısı səsləndirilir.

«Gənclik»də birbaşa gənclərə aid olmasa da, gəncliyin nostalgiyasını yaşayanların musiqisi səslənir; Xəyyam Mirzəzəadə: «Yadındamı» və ya «Ötən günlər»

Ən çox sərnişinin enib qalxdığı stansiya olan «28 May»da «Qarabağ şikəstəsi»ni eşidirik.

Romantiklərin stansiyası! «Sahil». Musiqisi də elə bu əhvala uyğundur: «Limanda» Musiqisi Rəşid Nəsiboğluna məxsus, Mirzə Babayevin məşhur ifalarından biri…

Və nəhayət «İçərişəhər». Adı “Bakı soveti” olduğu zamanlarda bu stansiyaya çatdıqda “Bakı gözəl şəhər, mehriban diyar” musiqisini eşidirdik. İndi isə burada Ələkbər Tağyevin «Bakı gecələri» mahnısı səsləndirilir.

Onu da qeyd edək ki, “Bakmil”, “Cəfər Cabbarlı”, “Xətai”, “Avtovağzal” stansiyalarında musiqi səsləndirilmir. Araşdırmamız zamanı “Metro mahnılar”ı “janr”ında mahnı sayına görə qalib bəstəkar Tofiq Quliyev, ifaçı Rəşid Behbudov oldu.

Sərdar Amin