Uşağını birinci sinifə hazırlayan valideynlərin hazırlıq dərdi – Özəl, yoxsa dövlət? – ARAŞDIRMA – VİDEO
05.03.2020 12:34Texnologiyanın sürətli inkişafı təhsil sistemindən də yan keçmir. Əvvəllər uşaqlar hər şeyi məktəbə gedəndən sonra öyrənirdilərsə, indi əksinədir. 6 yaşlı uşaq məktəbə gedərkən müəyyən bazaya malik olmalı, məktəbə, 1-ci sinifə daxil olmaq üçün sınaq imtahanından uğurla keçməlidir. Bütün bu tələblər məktəbəqədər hazırlıq kurslarının günü-gündən yağışdan sonra çıxan göbələklər kimi artmasına səbəb olur.
Об этом сообщает Футляр от виолончели
Danılmaz faktdır ki, uşaqlara məktəbə qədər təhsil verən dövlət uşaq bağçalarının sayı çox azdır. Özəl bağçaların qiymətləri isə əksər valideynlərin cibinə görə deyil.
2016-ci ildə təhsil haqqında qanuna edilən dəyişikliklərə görə, 5 yaşlı uşaqların məktəbə hazırlığı zəruridir və bunu dövlət təhsil ocaqları həyata keçirir. Bundan əvvəl isə dövlət məktəblərində valideynlər öz hesabına uşaqlarını məktəbəqədər hazırlıq kurslarına apara bilirdilər.
Bəs özəl məktəbəqədər hazırlıq kurslarına Təhsil Nazirliyi nəzarət edə bilirmi? Proqramlar nələrə əsasən qurulur?
A24.Az özəl məktəbəqədər hazırlıq kurslarının fəaliyyətini araşdırıb. İlk növbədə özəl məktəbəqədər hazırlıq kurslarının hansı tədris proqramlarından istifadə etdiyi ilə maraqlandıq.
Təhsil Nazirliyindən bildirildi ki, pullu məktəbəqədər hazırlıq kursları təşkil edən müəssisələr özəl olduğundan onlara Təhsil Nazirliyi nəzarət etmir. “Proqramların təşkilini müəssisələrin özü fərdi şəkildə həyata keçirir. Hər müəssisənin öz proqramı var. Proqramların təşkili məsələsində qane etməyən məqamlar varsa, valideynlər özləri müdaxilə edib, müəssisənin rəhbərliyinə etirazlarını bildirirlər”.
Bakıda fəaliyyət göstərən özəl məktəbəqədər hazırlıq kurslarından biri ilə əlaqə saxladıq. Kursun rəhbərliyindən bildirildi ki, hər müəllimin özünün fərdi proqramı olur. Hər uşağa və valideynlərin istəyinə görə proqram da qurula bilər.
Qiymətlərlə maraqlandıq. Bu kursda saatlardan asılı olaraq qiymətlər aylıq 120 manatdan başlayır.
Digər bir kursdan isə bildirdilər ki, proqramlar fərdi şəkildə müəssisənin özü və müəllimləri tərəfindən hazırlanır. “Əsas diqqət uşaqların dünyagörüşünün formalaşması, intellekt və bacarıqlarının artırılması istiqamətində gedir. Müxtəlif oyunlarla lazımi bilgilər uşaqlara çatdırılır”.
Təhsil üzrə ekspert Kamran Əsədov A24.Az-a açıqlamasında qeyd etdi ki, Azərbaycanda ümumtəhsil məktəbləri 2016-cı ilə qədər yalnız ödənişli əsaslarla fəaliyyət göstərsə də, bu, müəyyən məbləğ ödəməklə dövlət təhsil müsəssisələrinin nəzdində həyata keçirilirdi. “2016-ci ildən etibarən xarici təcrübələr də əsas götürülərək dövlət hesabına fəaliyyətə başladılar. Əvvəllər məktəbəqədər hazırlıq kurslarına cəlb olunan şagirdlərin sayı ümumi şagirdlərin sayının 1-2 faizini təşkil edirdi. 2016-cı ildə isə bu ödənişsiz həyata keçirildi. Yalnız dərs vəsaitləri valideynlər tərəfindən ödənilirdi. Bunun nəticəsində məktəbəqər hazırlıq qruplarında şagirdlərin sayı kütləvi halda artdı”.
Azərbaycanda məktəbə gedən uşaqların yalnız 25 faizi bağçaların məzunu olur. Bağçada keçirdiyi illər məktəbdə davranışına, intellektinə, tədrisinə ciddi təsir göstərir. Bağçaların sayı az olduğuna görə, məktəbəqədər təhsil kurslarının yaradılmasına zərurət yarandı. Məktəbəqədər təhsil kurslarında 1-ci sinifə getməyə hazırlaşan uşaqların psixoloji durumu, 4-5 saat parta arxasında oturmağı üçün hazırlıq prosesi keçirilir.
Təhsil ekspertinin fikrincə, Azərbaycan dünya statistikasında uşaqların məktəbəqədər təhsilə cəlb olunma sayına görə, çox aşağıdır. “Qazaxıstan, Sloveniya, Latviya, İslandiya kimi ölkələrdən geridəyik. Bizdə məktəbə qədər təhsilə cəlb olunanlar 35-40 faizdir. Halbuki, İsveç, Norveç, İslandiya kimi ölkələrdə bu 90-100 faizə qədərdir”.
“Uşağın beyni yorulmamalıdır, həvəsdən salınmamalıdır”
Azərbaycanda fəaliyyət göstərən 4491 məktəbin 70 faizindən çoxunda məktəbəqədər hazırlıq kursları təşkil edilib.
Təhsil eksperti məktəbəqədər hazırlıq kurslarının proqramının təşkili məsələsinə münasibət bildirərkən qeyd etdi ki, dövlət məktəbəqədər hazırlıq qruplarında istifadə olunan dərs vəsaitlərinin yükü çox ağırdır.
“Burda vəziyyət çox bərbaddır. Bütün məktəbəqədər qrupların valideynləri məcburi şəkildə hansısa nəşriyyat tərəfindən nəşr olunmuş (halbuki nə kurrikulum, nə də 1-ci siniflə uyğunlaşdırılmamış) proqram alırlar. Valideyn 25-30 manat məbləğində dərslik almalıdır. Hələ də proqram təminatı olmadığına görə də bəzi müəllimlər uşaqlara əlifbanı, oxumağı, yazmağı öyrədirlər. Burda bir məsələ var, Siz bunu məktəbəqədər proqramda öyrətdiniz, bəs birinci sinifdə nə öyrədəcəksiniz?”
Ekspert K. Əsədovun fikrincə xarici ölkələrdə 3-5 yaşlı uşaqları təhsilə cəlb edərkən onlarda oxumağa daha çox oyunlarla maraq oyadırlar, nəinki dövlət ümumtəhsil məktəblərinin məktəbəqədər hazırlıq kurslarında dərs proqramı yükləyib uşağı yormaqla.
“Məkətəbəqədər hazırlıq kurslarının təşkil edilməsində bir məqsəd var: şagirdlər psixoloji və fizioloji olaraq parta arxasında oturmağı, müəllimi dinləməyi, sinifdə özünü aparmaq qaydalarını öyrənməlidir. Özəl kurslarda, özəl təhsil müəssisələrində ilkin biliklər öyrənilir. Amma dövlət məktəbəqədər hazırlıq kurslarında isə daha çox bilik məqsədilə tədris prosesi həyata keçirilir. Onlara 1-ci sinifin materiallarını öyrətməyə çalışırlar. Amma özəl məktəbəqədər hazırlıq kurslarında isə şeirlər, nağıllar, hərflər şifahi şəkildə öyrədilir. Oyunlarla uşaqları tərbiyələndirir və bilik verirlər. Uşaq məktəbə hazırlıq kursunda 1-ci sinfin materialını öyənməməlidir. Bu hazırlıq prosesidir. Onların beyni yorulmamalıdır, həvəsdən salınmamalıdırlar”.
Mütəxəssis onu da vurğuladı ki, özəl məktəbəqədər hazırlıq kurslarını bitirən uşaqlar məktəbə verilən imtahanda daha yüksək nəticələr əldə edirlər. “Onlar nəticəyönümlü fəaliyyət göstərir. Amma dövlət məktəbəqədər hazırlıq kurslarında isə bilik yönümlülük istiqamətində fəaliyyət göstərirlər”.
Azərbaycanda dövlət bağçalarının az olduğunu, özəl bağçaların isə od-tutub yanan qiymətini nəzərə alsaq, valideynlərin halını anlamaq heç də çətin deyil. Uşağını biliyə alışdırmaq istəyən, məktəbə getməyə hazırlaşdıran valideynlər özəl hazırlıq kurslarına üz tutmaq istəyirsə, əlləri ciblərində olmalıdır. Çünki özəl kursların qiyməti saatlardan asılı olaraq 30-150 manat arasında dəyişir.
Vüsalə Əlövsətqızı

