Vitse-prezident təyinatından sonra ölkədə kadr islahatları olacaqmı? – Politoloqlardan AÇIQLAMA
05.03.2020 12:36Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.
Об этом сообщает Футляр от виолончели
Gənc kadrları daima diqqət mərkəzində saxlayan Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunmasından sonra nazirlik və ya qurumlarda kadr dəyişiliyi gözlənilirmi? Azərbaycanın birinci vitse-prezidenti qadın təyin edildikdən sonra Mehriban Əliyeva qadının rəhbər postlarda təyinatı ilə bağlı stereotipi qıra biləcəkmi?
Bu sualları A24.Az-a politoloqlar Fikrət Sadıqov, Qabil Hüseynov və Elxan Şahinoğlu şərh ediblər.
Kadr islahatları aparılacaq – F.Sadıqov
Politoloq Fikrət Sadıqovun sözlərinə görə, Mehriban xanımın təyinatından sonra ölkədə kadr islahatları aparılacaq:
“Mehriban Əliyevanın təyinatından sonra nəinki gənc kadrların, ümumiyyətlə islahatların, yeni kadrların təyinatı və dövlət başçısının kadr siyasətinin formartında bir sıra dəyişikliklər ola bilər. Yeni gənc kadrların təyinatı da baş verə bilər. Çünki ölkədə ümumi islahatalar gedir. Bu islahatlar çərçivəsində də yeni bir post tərtib olunub. Bu posta əgər tanınmış ictimai siyasi xadim təyin olunursa, düşünürəm ki, kifayət qədər aktiv, fəal bir xadim kimi bu məsələlərlə ciddi məşğul olacaq. Buna şübhə də etmirəm”.
Politoloq hesab edir ki, Mehriban xanım bu stereotipi çoxdan qırıb. Çünki onun bir sıra ictimai vəzifələri vardı.
“Heydər Əliyev fondu, bir sıra beynəlxalq təşkilatların nümayəndəsi, bundan başqa idman sahəsində onun böyük xidmətləri var. Düşünürəm ki, bundan sonra, bu vəzifədə çalışdıqdan sonra bu stereotipi mənalı şəkildə bir daha qıracaq. Onun timaslında digər təbəqələr də başa düşəcək ki, qadın Azərbaycanda bir çox hallarda aparıcı rol oynayır. Həm ictimai siyasi, həm də sosial iqtisadi həyatda. Reallıq bundan ibarətdir. Biz həmişə Azərbaycanı bu səviyyədə görmək istərdik ki, kişi ilə qadın bərabər hüquqlu olsun”, – deyə F.Sadıqov əlavə edib.
“Mehriban xanım yəqin ki, bu siyasətə üstünlük verəcək” – Q.Hüseynov
Siyasi şərhçi Qabil Hüseynov A24.Az-a açıqlamasında ölkədə kadr dəyişikliklərinin əvvəldən aparıldığını deyib:
“Prezident siyasətinin əsas prioritetlərindən biri kadr islahatlarının aparılmasıdır. Mehriban xanım da yəqin ki, bu siyasətə üstünlük verəcək. Ölkədə ciddi kadr və struktur islahatları həyata keçirilir. Bundan sonra da keçirilməkdə davam edəcək. Bu, ölkədə yaranmış böhranlı şəraitin aradan qaldırılması üçün vacib olan elementlərdəndir. Kadr islahatları nəticəsində iş başına layiqli, bacarıqlı, ən əsası da vətənpərvər insanların gətiriləcəyi düşünülür, ölkədə korrupsiya ilə mübarizə sahəsində də ciddi işlər aparılacağına inanıram”.
“Mehriban Əliyevanın birinci vitse-prezident təyinatında iki əsas səbəb mühüm rol oynaya bilər” – E.Şahinoğlu
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə prezident İlham Əliyevin Mehriban Əliyevanı vitse-prezident təyin etməsi gözlənilən qərarlardan biri idi:
“Çünki, Mehriban Əliyeva prezidentin həyat yoldaşı olmaqla bərabər, həm də dövlət işlərində fəal fiqurlardan sayılır. Mehriban Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik etdiyi müddətdə dövlət işində xeyli təcrübə qazanıb. O, ölkə daxilindəki proseslərin bilavasitə iştirakçısıdır. Birinci xanımın bu və ya digər məsələlərə konkret münasibəti haqqında məlumat az olsa da, ancaq o da bəllidir ki, Mehriban Əliyevanın müəyyən istiqamətlər üzrə siyasətin korrektəsində və bəzi təyinatlarda rolu olub. Doğrudur, Mehriban Əliyeva bu günə qədər humanitar sahədəki fəaliyyətinə görə məşhurdur, bu sıraya insanların səhiyyə problemlərinin həllini, mədəniyyət və idman tədbirlərinin keçirilməsi, əfv fərmanlarının verilməsi və digər məsələlər aiddir. İndi isə Mehriban Əliyevanın fəaliyyət arenası genişlənəcək.
Politoloqun sözlərinə görə, Mehriban Əliyevanın birinci vitse-prezident təyinatında iki əsas səbəb mühüm rol oynaya bilər:
“Birinci səbəb odur ki, prezident ətrafındakı fiqurların çoxuna etibar etmir. Həmin fiqurlardan hər hansı birinin birinci vitse-prezident təyinatı hakimiyyət içində onunla rəqabətdə olan qrup arasında münaqişənin artmasına şərait yaradacaqdı. Mehriban Əliyevanın birinci vitse-prezidentliyi isə hakimiyyət içindəki bütün fiqurlar tərəfindən müsbət qarşılanacaq. Bu təyinat İlham Əliyev-Mehriban Əliyeva tandeminin rəsmiləşdirilməsi kimi qəbul olunacaq.
İkinci səbəb isə odur ki, böyük ehtimalla dövlət başçısı artıq indidən gələcək varisi haqqında düşünür. Məsələ burasındadır ki, Mehriban Əliyeva hakimiyyət içində bəlkə də yeganə şəxsdir ki, varis planına uyğun gəlir. Prezident İlham Əliyevin Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi böyük ehtimalla gələcək prezidentin kimliyini də müəyyənləşdirdi”.
Elxan Şahiboğlu hesab edir ki, Mehriban Əliyeva ictimaiyyət arasında populyardır, hətta müxalifət belə onun fəaliyyəti haqqında kəskin tənqidi fikirlər səsləndirmir. Ancaq bundan sonra birinci vitse-prezident müxtəlif istiqamətlərdən tənqidlərə də hazır olmalıdır və həmin tənqidlərə əsaslandırımış cavablar vermək məcburiyyətindədir. Digər mühüm məsələ prezidentin birinci-vitse prezidentə hansı səlahiyyətləri etibar edəcəyidir. Bunlardan biri səhiyyə sahəsindəki islahatların sürətləndirilməsi ola bilər. Azərbaycan vətəndaşlarının ən çox əziyyət çəkdiyi və şikayətləndiyi sahələrdən biri səhiyyədir. Mehriban Əliyeva həm bu sahədə korrupsiyanın ortadan qaldırılmasına, həm xidmətin keyfiyyətinin artırılmasına, həm də yaxın müddətdə bütün vətəndaşların icbari tibbi sığortasına nail olmalıdır. Dövlət başçısı başqa sahələrdə islahatların sürətləndirilməsini də birinci-vitse-prezidentə həvalə edə bilər”, – deyə E.Şahinoğlu əlavə edib.
Politoloq sonda Mehriban Əliyevanın beynəlxalq aləmlə əməkdaşlıqda da lazımi təcrübəsi olduğuna diqqət çəkib:
“Onu dünyada prezidentdən az tanımırlar. Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban Əliyevanın bir sıra xarici ölkələrdə həyata keçirdiyi humanitar aksiyalar, zəlzələdən əziyyət çəkən Pakistanda məktəblərin tikintisi və həmin məktəblərin texniki avadanlıqla təhcizi, Fransa və Vatikanda muzeylərin təmiri və s. addımları onu beynəlxalq arenada tanıtdırıb. Ona görə də birinci vitse-prezident olaraq Mehriban Əliyevanın dünya liderləri ilə təmas qurması, ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparması ona çətin olmayacaq. Beləliklə, Mehriban Əliyeva ölkədə ikinci fiqura çevrildi. Onsuzda bəzi xəbərlərə görə, hakimiyyət içində bəzi gənclərin nazir postlarına cəlb edilməsində Mehriban Əliyevanın da rolu olub. İndi birinci vitse-prezident olaraq Mehriban Əliyeva bu prosesi sürətləndirməlidir”.
Qeyd edək ki, Azərbaycanın vitse-prezidenti aşağıdakı səaliyyətlərə malikdirlər:
Konstitusiya dəyişikliklərinə görə, Azərbaycanın birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
Ehtiyac yaranarsa, prezidenti vəzifədə əvvəl qüvvədə olduğu kimi baş nazir yox, vitse-prezidentlər əvəzləcəyəcəklər. Belə ki, Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün ərzində (indi qüvvədə olan variantda bu müddət üç ay nəzərdə tutulub) növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edəcək.
Hər hansı səbəbdən Birinci vitse-prezident prezident vəzifələrini icra edə bilməzsə, bu səlahiyyət vitse-prezidentə veriləcək. Vitse-prezident də bu vəzifəni hər hansı səbəbdən icra edə bilmədikdə, bu səlahiyyət baş nazirə həvalə edilir.
Konstitusiyaya vitse-prezidentlərin toxunulmazlığı barədə maddə də əlavə edilib. Bu maddəyə görə, səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.
Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.
Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.
Vitse-prezidentlərin təminatı üçün də yeni maddə nəzərdə tutulub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir.
Vitse-prezidentlərə dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququ veriləcək.
Orxan Aslanlı

