Xərçəng diaqnozu qoyuldu, İranda girov saxladılar – “Xəstəxana 20 min manat, konsulluğumuz isə 50 dollar aldı”
05.03.2020 12:38“Xəstəxanaya 20 min manat ödəyə bilmədiyimizdən arvadımı oradan buraxmırdılar. Konsulluğumuzdan kömək istədim. Dedim pul yoxdursa, məktub yazın xəstəxanaya ki, yoldaşımı buraxsınlar, məni gorov saxlasınlar. O, Azərbaycana qayıdıb, kredit götürsün və pulu ödəyək. Lakin imtina etdilər, çıxartdılar bizi binadan çölə”.
Об этом сообщает Роспрес
Bunlar Ağdam rayon sakini Rəsulov Camal Namiq oğlunun PressClub.Az-a göndərdiyi müraciətindəndir.
Arvadı Rəsulova Ramilə Həsənalı qızı ilə ötən ay İrana getdiyini deyən C.Rəsulov Ərdəbildə arvadına xərçəng diaqnozu qoyulduğunu bildirir: “Dedilər ki, əməliyyat olunmalıdır. Lakin bizim əməliyyat üçün pulumuz çatmadı. Düşündük ki, Azərbaycana qayıdıb kredit götürüb dönək”.
Ər-arvad bu məqsədlə Ərdəbildən Azərbaycanla sərhədə qədər gəlmək üçün bir taksiyə miniblər. Lakin bundan sonra vəziyyət dəyişib.
Sərnişini olduqları taksi sürücüsü ailəyə, demək olar, ikinci həyat bəxş edib.
Lakin bu, elə də asan başa gəlməyib.
Camal deyir ki, adı Mehdi olan taksi sürücüsü təklif edib ki, Təbrizə – qayınatasıgilə gedir, şəhərdə xanım bir daha müayinədən keçsin. Bu xidmətinə görə taksi sürücüsü yol pulu almayacağını söyləyib:
“Dedi ki, onsuz da, bu yolu gedirəm. Razılaşdıq, getdik. Yolda Mehdi dedi ki, çoxdandır Azərbaycana getmir. Son dəfə 3 il qabaq getmişdi və gördüklərindən heyrətə gəlmişdi. Sərhəddə sərhədçilər, yolda DYP əməkdaşları onu incidiblər. Bundan sonra daha ölkəmizə gəlməmək qərarı verib. Mən də dedim, ay Mehdi, indi elə şey yoxdur, narahat olma, gəl Bakıya bizə də qonaq olarsan. Nəsə çatdıq Təbrizə, Mehdi bizi apardı şəhərdə Behbud xəstəxanasına. Ramiləni yoxladılar və dedilər ki, şiş var, amma xərçəng deyil. Sevindik. Mehdini qucaqladım, dedim, bizi apar yola sal, gedək. Əl çəkmədi ki, gedəcəyik qayınatasıgilə. Gecə idi, qalmağa yer də yox idi. Razılaşdıq, getdik. Səhərə yaxın yoldaşımın səhhəti pisəşdi. Təcili yardımla xəstəxanaya apardıq. İki həftə yatdı İmamrza xəstəxanasında. Vəziyyəti düzələndən sonra çıxarmaq istəyirdik ki, dedilər ki, 20 min manat pul ödəməlisiniz. Dedim pul yoxdu”.
C.Rəsulovun sözlərinə görə pulun bir hissəsini Mehdi çətinliklə də olsa tapıb. “Mehdi düşdü qabağa, ora-bura getdi. Getdi Təbrizdə mollaların yanına bir az pul topladı. Sonra getdik xeyriyyəçi bir alverçi pul verdi. Pulun çoxunu düzəltdik, amma 7 min çatmadı”.
Qalan pulu düzəltmək üçün onlar üz tutublar Azərbaycanın Təbrizdəki konsulluğuna:
“Konsulluqda vəziyyəti izah etdik, dedilər bizdə pul yoxdu. Dedim, başa düşürəm, pul istəmirəm. Heç olmazsa bir məktub yazın, xahiş edin ki, 13 min manata yoldaşım Ramiləni buraxsınlar, mən girov qalaram. Konsulluqda dedilər, bizim başımız qarışıqdı, gedin. Bizi cıxardılar çölə. İstədim yenə içəri girim, viza alanlar məni qoymadılar. Dedilər get işinlə məşğul ol. Mehdinin bir qohumu bizə pul tapdı. Ramiləni xəstəxanadan çıxartdıq”.
Camal bəy deyir ki, həyat yoldaşının səhhəti tam bərpa olunmadığından qərara gəliblər ki, Mehi də onlarla Bakıya getsin.
Bu dəfə daha bir əngəllə qarşılaşmalı olublar – viza məsələsi ilə:
“Mehdiyə viza almaq üçün Təbrizdəki konsulluğa getdik. Konsula yaxınlaşdım, dedim bizim tanışdı, kömək edin viza alsın, arvadım da xəstədir, kömək edin ki, bizi maşınla aparsın. Konsul bir də yanındakı işçi dedi ki, gedin sənədləri hazılayın gətirin baxaq.
Onların tələb etdiyi sənədləri yığmağın vaxt alacağını düşünüb işdən əlimizi üzmüşdük. Mehdi də dedi ki, başqa taksi ilə gedərsiniz, eybi yox. İstəyirdik maşına oturaq, bir qoca kisi gəldi ki, sizə viza düzəldə bilərik. Dedi pasportu ver, tez viza alım, amma 50 dollar ödəməlisiniz. Pulu və pasportu verdik. Kişi konsulluğa girdi-çıxdı və dedi ki, sabah gəlin vizanı götürün. Sabah axşam Mehdi getdi vizani götürdü. Növbəti gün də yollandıq Bakıya. Çox şükür ki, gömrükdə, bir də yolda bizi incitmədilər. Mehdinin yanında biabır olmadıq. Mehdi dedi, Camal ağa, gömrük düzəlib, bir də bu vizanı düzəltsələr, yaxsı olar”.
İndi xanım Rəsulova sağalıb. Ailə mülklərini – maşın və evini satlığa qoyub, borclarını ödəmək üçün.
“Hərdən Mehdi ilə zəngləşirik, deyirəm, sən elə bir anda yetirdin ki, özünü bizi ölümdən qutardın. Dedim, Mehdi, Məhərrəm ayıdır gəl Bakıya. Bildirdi ki, Camal ağa, viza alammırıq Təbrizdən. Keçən dəfəki kimi də əlavə pul vermək istəmirik. Həmin pulu sizin kimi ehtiyacı olana verərik də. Dedim düzdü, utandım bu vəziyyətdən”.
Camal Rəsulov media vasitəsi ilə mövcud vəziyyəti aidiyyəti qurumların diqqətinə çatdırmaq istəyir, tədbir görüləcəyi ümidi ilə:
“İstəyirəm ki, ölkədən uzaqda, qərib yerdə bizimlə pis rəftar edənləri, vizanı dəyərindən baha satanları cəzalandırsınlar”.

