“Xəzər dənizi iki yerə bölünəcək” – ELMİ İDDİA
05.03.2020 12:39Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi tez-tez müzakirə mövzusu olur. Gah dənizdə suyun səviyyəsinin qalxdığı, gah da endiyi barədə məlumatlar dolaşır. Bəs Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi nə ilə əlaqədardır?
Об этом сообщает Роспрес
Saytımızın sualına Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Məhəmməd Abduyev belə aydınlıq gətirib.
Məhəmməd Abduyev deyib ki, Xəzər dənizində suyun səviyyəsinin dəyişməsi 3 əsas amillə əlaqələndirilir. Onun fikrincə, birinci səbəb kimi Xəzər dənizinin dibinin qalxması göstərilir: “Yəni Xəzər dənizinin dibində dağəmələgəlmə var və dənizin dibi qalxır. Bu isə tektonik proseslərlə bağlıdır”.
M.Abduyev qeyd edib ki, Azərbaycan ərazisi Afrika ilə Avrasiya tavasının toqquşmasınada yerləşir. Onun sözlərinə görə, Afrika tavasının şərqində, Somali yarımadası istiqamətində aralanma var: “Yəni Afrika tavasının şərq istiqamətində çatlar yaranır. Somali yarımadası şimal-şərqə doğru hərəkət etdikcə Ərəbistan yarımadasını sıxır. Ərəbistan isə bütövlükdə Avrasiyanı sıxır. Məsələn, həmin sıxılmanın nəticəsi idi ki, bir neçə il əvvəl İranın Bəm şəhərində baş verən zəlzələ zamanı şəhər yer üzündən silindi. Vaxt gələcək, Somali yarımadası Afrikadan ayrılacaq”. Alim qeyd edib ki, Azərbaycanın yerləşdiyi Afrika ilə Avrasiya tavasının toqquşma zonasının mərkəzi Böyük Qafqaz dağlarıdır. Onun sözlərinə görə, Böyük Qafqaz isə cənub-şərq tərəfə, Abşeron yarımadasına tərəf uzanır: “Abşeron yarımadasının davamı gedib Türkmənistana çıxır. Hətta alimlər belə iddia ediblər ki, nə vaxtsa Xəzər dənizi iki yerə bölünəcək. Düzdü, bunun nə vaxt baş verəcəyi ilə bağlı dəqiq proqnoz yoxdur. Bu, ola bilsin min illər, milyon illər sonra olsun. İddialara görə, insanlar Abşerondan birbaşa quru yolla Türkmənistana keçəcək”.
“Belə bir elmi iddianın müəllifi kimdir”sualımıza alim belə cavab verib ki, bu proqnozu hələ bir neçə il əvvəl coğrafiya elmləri doktoru Naib Şirinov verib: “O, belə bir qənaətə gəlib ki, Qafqaz dağları bir ildə 8 millimetrdən 15 millimetrə qədər qalxır. Deməli, Böyük Qafqaz dağları qalxırsa, Xəzər dənizi də qalxır. Xəzər dənizinin qalxmasının digər səbəbi dənizə tökülən çay axınının artması ilə əlaqələndirilir. Xəzər dənizinin suyunun 82 faizini Volqa çayı gətirir. Volqa çayının üzərində 7-8 ədəd böyük su anbarları var- “Rıbinski”, “Saratov”, “Ulyanovski”, “Volqaqrad” və sair. Əvvəllər Voqa çayının azalmasını həmin anbarların doldurulması ilə əsaslandırırdılar. 1978-ci ildə həmin anbarlar doldu. Yəni 1978-ci ilə kimi Volqa çayından Xəzər dənizinə güclü axın yox idi. Xəzər dənizində suyun səviyyəsinin qalxmasını, həmçinin Volqa çayı hövzəsində yağıntıların miqdarının artması ilə əlaqələndirirlər. Nəhayət, üçüncü səbəb kimi Xəzər dənizinin ekoloji çirklənməsi göstərilir”.
Atif Sarıxanlı

