Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Yesenin necə ölmüşdü? 92 İLİN SİRRİ

05.03.2020 12:43

92 il bundan əvvəl Sergey Yesenin intihar etdi. Amma bu günə qədər çılğın gənc şairin öldürülməsinə dair iddialar səngimək bilmir. Rusiya Milad bayramını onsuz qeyd etdi. Əslində, 1925-ci ildə Yesenin nisbətən unudulmuşdu. Həm də şairin avara həyat tərzi sürməsi, üstəlik spirtli içkilərin miqdarını artırması onu sevənlərin qəlbində pərişanlıq yaratmışdı.
1925-ci ilin dekabrın 27-dən 28-nə keçən gecə gənc şair həyatına son qoydu. Dekabrın 28-də səhər çağı onu Leninqradın “Anqleter” mehmanxanasında ölü vəziyyətdə tapdılar. Hüquq-mühafizə orqanlarının araşdırmasına əsasən Yesenin özünü asıb. İstintaq materiallarında şairin ömrünün son günlərində intihara dair yazdığı şeirlər də əsas götürüldü. Onun dostlarına dediyi sözlər isə unuduldu. Yesenin gizli şəkildə pıçıldayırdı ki, “məni öldürmək istəyirlər… mən bir heyvan instintki ilə bunu duyuram”. Şeirində isə yazırdı ki, “məni arxadan əllərim bağlı vəziyyətdə asmaq lazımdır ki, yatan ölkəyə mane olmayım”. Sovet illəridnə Yeseninin intihara dair şeirlər açıb-ağardılmırdı. Ötən əsrin 80-ci illərin sonlarından etibarən açılan arxivlərdən aydın oldu ki, Yesenin intiharla bağlı onlarla şeir yazıb. Bütün bunlar öz yerində, ancaq istər-istəməz bəzi suallar ortaya çıxır. Niyə 20-ci illərdə ölkədə şair və yazıçıların intihar dalğası yaranmışdı? Burada şübhəli məqamlar çoxdur.
Yeseninin ölümü barədə 1987-ci ildə ədəbiyyatçılar müxtəlif ehtimallar irəli sürdülər. Bəziləri hesab edirdi ki, şairi hansısa sevgilisinə görə qətlə yetiriblər. Sevgilisinin əri xəyanəti bilib və qisas alıb. Digərləri bunu siyasi terrorla əlaqələndirdilər. Mayakovski və başqalarının intiharı bura aid edilə bilər. Ortaya çıxan ehtimallardan biri qələm əhli ilə bağlı oldu. Deyildi ki, şairi ona paxıllıq edən ədəbiyyat adamları öldürtdürüb. Əgər Yesenin sakit xarakterli insan olsaydı araşdırmanın sonuna çıxmaq və məntiqli qərar qəbul etmək mümkün idi. Məsələ burasındadır ki, şairin öldürülməsini müxtəlif amillərlə bağlamaq yetərincədir: həm çılğın, həm sevgili, həm tənqidçi, həm üsyankar. Təəssüf ki, xarakterinin belə aşıb-daşması onun intihar etməsi, ya öldürülməsini dəqiqliklə təxmin etməyə imkan yaratmır. Elə buna görə də Rusiya milisləri işi tez-tələsik bağlamağa çalışdılar.

Об этом сообщает Руспрес

Araşdırmalara əsasən Yesenin özünü istilik borusundan asıb. O illərin fotolarını araşdıran kriminalistlər qəribə mühakimə ilə çıxış etdilər. Onların fikrincə, adətən özünü asan insanın boğazında açıq-qırmızı qançır görünür. Şairin boğazında isə belə izdən əsər-əlamət yoxdur. O illərin kriminalistləri isə yaxın dostlarının və mehmanxana əməkdaşlarının ifadələri ilə kifayətləndilər. Dostları etiraf etdi ki, Yesenin son aylar daha çox içir və hakimiyyətdəki vəzifəli şəxsləri təhqirdən əl çəkmirdi. Elə mehmanxana əməkdaşları da bildirdi ki, Yesenin mehmanxana restoranına xeyli içki sifariş edirmiş. Şəkillərdə isə otaqda heç bir icki məslisinə, yaxud butulkasına rast gəlinmir. Görünür, ifadələrdə öyrədilmiş şəxslər də iştirak edib.
Bir məqam da şairin özünü necə asması ilə bağlıdır. Otağın tavanı hündür olub. Yesenin masanı ayağının altına qoymuş olsa belə yenə də boyu həmin hündürlüyə çatmır. Bəlkə onun boğazına ipi keçirən hündürboy şəxs imiş? Bir məsələ də şairin alnındakı batıqla bağlıdır. 80-ci illərin sonunda kriminalistlər bunu Yeseninin asılmazdan əvvəl alnına ağır əşya ilə vurulma ilə bağladılar. 1925-ci ildə istintaq belə qərara gəldi ki, asılandan sonra şair ya divara, ya boruya ağır zərblə dəyib. Əgər şair kök olsaydı onun harasa dəyməsi ilə belə dərin batığın əmələ gəlməsini anlamaq olardı. Amma Yesenin arıq olub, çəkisi 70 kiloqramdan yuxarı deyilmiş. Yüngül adamın harasa dəyməsi ilə belə batığın yaranması da sirli məsələdir. Hər halda onun öldürülməsi bəzi ədəbiyyatçıların “Yesenin tükəndiyini duyub özünü öldürüb” fikirlərindən daha məntiqlidir.

Sergey Yeseninin siyasi məsələlərə baş qoşması da ölümünə fərman verilməsi ilə nəticələnə bilərdi. Şair Leninin ölümündən sonra Trotskiyə daha çox rəğbət bəsləməyə başlamışdı. Bu da Stalin və onun tərəfdarları tərəfindən yaxşı qarşılanmırdı. Trotski hakimiyyət üçün təhlükə yaradırdı, üstəlik ziyalılardan ibarət kifayət qədər elektorartı vardı. O, siyasi cəhətdən Stalindən daha ağıllı idi. Bunu çoxları bilirdi. Bəziləri Yeseninə məsləhət gördü ki, Trotskiyə rəğbəti ona baha başa gələ bilər. Və məclislərin birində şair təhlükəni özündən uzaqlaşdırmaq üçün satqınlardan biri vasitəsilə yuxarılara xəbər ötürdü ki, “ölkəni Trotski idarə edir… ancaq o, idarə etməli deyil”.

Yesenin siyasətin qurbanı oldu. Onu öldürməsələr belə, ölüm həddinə çatdırdılar. Şairin bolşevik rejimini görən gözü yox idi. Açıq-aşkar onları tənqid edir, belə hökuməti arzulamadığını hər yerdə açıq şəkildə bildirirdi. Bolşeviklər onu islah etmək üçün hər yola əl atdılar. Tədbirlərə çağırdılar, marksizm-leninizm ideyalarından danışıb ideoloji iş apardılar. Yesenin isə dediyində duraraq tənqidlərini daha da gücləndirirdi. Şairi spirtli içkilərdən asılılıqdan və əsəbilikdən xilas etmək üçün dostları və qohumları çox çalışdı. Nəhayət, onu cinayət məsuliyyətindən uzaqlaşdırmaq məqsədilə 1925-ci ilin noyabrında Moskva universitetinin psixo-nevroloji klinikasında müalicə almağa razı saldılar. Noyabrın 26-da dostu Pyotr Çaqinə yazırdı: “Qalmaqallardan uzaqlaşmağı qərara aldım və sərhəddən uzaqlarda sənə əl edirəm. Oranın mərmər şirləri bizim səhiyyə itlərindən daha yaxşıdır”. Əslində, Yesenin xaricə getməmişdi. Bu məktub hüquq-mühafizə orqanlarının əlinə keçəndə onlar belə düşündülər ki, Yesenin xaricə qaçmaq niyyətinə düşüb. Belə edərsə, xaricdə Rusiyanın yeni rejimi barədə artıq-əskik sözlər danışacaq.
Klinikadakı müalicədən sonra yaxınları onun sağlamlığında irəliləyiş sezmədilər. Halbuki bunu həsrətlə gözləyirdilər. Vurulan iynələr şairi daha da depressiyaya sürüklədi. Belə düşünülür ki, Yeseninin ölümünə elə klinikada fərman verilib. Bütün bu işlər sifariş formasında həkimlərə çatdırılıb, onlar qətli daha sakit məcraya yönəldiblər. Ölümünə 1 ay qalmış şair vurulan iynələrin təsirindən daha da pisləşmişdi. Belə depressiyaya düşən adamın mehmanxana otağına daxil olub öldürmək elə də çətinlik yaratmırdı. Üstəlik, onun intiharına dair əldə kifayət qədər əsas vardı: “Yesenin xəstədir, hətta pisixi-nevroloji klinikada müalicə də alıb”.

Şair 1925-ci ilin dekabrın 21-də klinikadan buraxılmışdı. Əmanət kassasına gedib bütün pullarını çıxardı və Leninqrada yola düşdü. Bu həm də həbsdən qaçışı əngəlləmək üçün atılan addım idi. Əlyazmalarını da götürdü ki, Leninqraddakı mehmanxanada yaradıcılıq işləri ilə məşğul olsun. Onun planları çox olsa da, intihar istisnalıq təşkil edirdi. Bəs niyə həbsdən qaçırdı? Çünki onun barəsində 13 cinayət işi qaldırılmışdı. Digər variant yuxarıda qeyd etdiyimiz kimi Trotskiyə rəğbətlə bağlı ola bilərdi. O illərin psixiatrları belə bir ehtimalla da çıxış edirdi ki, Yesenin “güdülmə maniyası”ndan əzab çəkirmiş. Çox maraqlıdır ki, onlar bunu daha bir intihar etmiş şair – Mayakovski barəsində də deyiblər. Yoxsa, onlara hər iki şair haqqında eyni fikir bildirməyi təlqin edənlər olub? Kimdir həmin şəxslər? Paxıl sovet şair və yazıçıları, yoxsa siyasi hakimiyyət? Hər halda bu sualların cavabı yoxdur.

Bir məsələ də şübhə doğurur. Yesenin Moskvadan Leninqrada yola düşərkən dostlarından xahiş edib ki, 2-3 otaqlı ev kirayə etsinlər. Ona uyğun ev tapılmadığından “İnternasional” (indiki “Anqleter”) mehmanxanasında yerləşməli olub. Həmin mehmanxananın komendantı isə çekist Nazarov imiş. Ehtimallardan biri ondan ibarətdir ki, şairin orada yerləşməsini və neçə nömrəli otaqda qalmasını məhz çekist Nazarov yuxarılara xəbər verib. Bununla da Yesenini tapıb cəzalandırıblar. Nazarovun həyat yoldaşı ifadəsində göstərib ki, dekabrın 27-də axşam saat 10 radələrində ərinin digər çekist dostu Berman şairin otağına daxil olub. Berman ifadəsində göstərib ki, otağa Yeseninin sərxoşluğu ilə bağlı girib, guya səs-küy salırmış. Amma istintaqı aparan müstəntiq və mehmanxana əməkdaşları otaqdan spirtli içki anlayışında heç nə tapmayıblar.
Dekabrın 28-də otağa Vsevolod Rojdesvenskiy və Medvedev çağırılıb. Onlar şairi asılmış vəziyyətdə deyil, xalça üstündə uzanılı vəziyyətdə görüblər. Protokola imza atanların heç biri şairi asılmış halda müşahidə etməyiblər. Hamı otağa daxil olarkən qəribə mənzərə ilə rastlaşıb: boşqablar sınıb, əlyazmalar hər tərəfə səpələnib. Sanki, şair kiminləsə sonacan çarpışıb. Şairin bəzi əlyazmaları və tapançası da yoxa çıxıb. Dostları dedi ki, Yeseninin özünü öldürmək niyyəti olsaydı, bunu tapança ilə edərdi. Əlyazmaların bəzilərini kimin oğurlaması isə sirr olaraq qaldı.

İstintaqın son nəticəsi belə oldu: Yesenin intihar edib. Sonda şairin özünü asdığı otaqda bəzi detallara diqqət yetirin. Otağın hündürlüyü 5 metr. Masanın hündürlüyü 1,25 metr. Şairin hündürlüyü 1.68 sm. Kiçik riyazi hesablama aparılsa, əlavə şərhə ehtiyac qalmır.

Azər Qismət