Əntiq əşya dükanının həm müdiri, həm də satıcısı: “İnsanların tarixə marağı var” – Səhifə 5
05.03.2020 12:47Əntiq əşyalar yazılmamış tarixdir. Hər əşya özündə müəyyən bir dövrü əks etdirir. Azərbaycan qədim tarixini elə onlar bizə tanıtdırır. Əntiq əşyaların satışı ilə məşğul olan dükanlar az deyil. Müsahibəmiz Elçin Əhmədoğlu əntiq əşya dükanının həm müdiridir, həm də satıcısı.
Об этом сообщает Роспрес
– Əntiq əşyaların satış dükanını yaratmaq ideyası necə yarandı?
-Əvvəl bizə “Torqovı” küçəsində köhnə əşyaları evdən gətirib verirdilər. Alğı-satqı edirdik. Sonra təmirə bağlandıqdan sonra biz belə bir dükan yaratdıq. Burada qədimi əntiq əşyalar, geyimlər, qab-qacaq, qədim pullar və əşyalar satılır.
– Nə kimi çətinliklərlə rastlaşırsınız?
– Elə bir çətinliyimiz yoxdur. Bax, vergi bir az çoxdur. Birdə ki, bizim əhalinin əntiq əşyaları alış qabiliyyəti aşağıdır. Amma yenə də daimi müştərilərimiz sayəsində satış pis getmir.
– Əntiq əşyalar necə gəlir, fərdi insanlar gətirir yoxsa qapı-qapı gəzib nəsə toplayırsınız?
– Fərdi insanlar gətirir. Biz qapı-qapı gəzmirik. Düzdür, gəzənlər də var. Onlar alırlar sonra üstünə müəyyən bir qiymət qoyub bizə verirlər, biz isə onu satırıq.
– Ən çox satış üçün mallar hansı ölkələrdən gəlir?
– Gürcüstan, Türkiyə, Avropadan əntiq əşyalar satış üçün gəlir. Əyalətlərdən də gətirilən mallar az deyil.
– Təmizləmə və bərpa işi necədir?
– Təmizləmə və bərpa işini özümüz edirik. Dükanımızda bu işlə məşğul olan usta var. O həmin əşyaları təmizləyir, sonra bizə təhvil verir. Ən çox təmizləmə və bərpa işləri gümüş əşyalarda olur. Iki-uç günə təmizlənirlər. Sonra təhvil alırıq. Təmizlənən əşyanın qiyməti bahalanır. Təxminən 15-20 manat artır.
– Yəqin, illərlə satılmayan, toz içində itib-batan mallar az deyil.
– Bəli, elə mallarımız var, onları illərdir toz basıb, alınmır. Yenə də deyirəm, müştərini cəlb edən əsasən gümüş mallardır.
– Əntiq əşyalar necə sənədləşdirilir?
– Vergilər Nazirliyindən sənədləşdirmə və lisenziya ilə bağlı hər kağızımız var.
– Satış üçün qanunla necə icazə alınır?
– Alınan mallara kassa çeki və sənəd veririk. Həmin bu sənədlər vasitəsilə bir ölkədən digər ölkəyə alıb aparılan mallar qanuni hesab olunur. Bu çox vacib məsələdir. Əntiq əşyaların qanunsuz bir ölkədən başqa ölkəyə aparılması qeyri-qanunidir və oğurluqdur. Buna görə sənədləşmə əsasdır.
– Hansı mallar müştəri marağına səbəb olur?
– Bizim dükanda kolleksiya və markalar çoxdur. Bəzi adamlar köhnə şəkilləri, rəsmləri, köhnə pulları, qədim qayışları, geyim əşyalarını, qılıncları sevir: öz kolleksiyasına yığır.
– Hansı ölkənin turistləri alış- veriş edirlər?
– Bizim dükana xarici ölkələrdən əsasən Türkiyə, İran, İtaliya, Rusiya, Gürcüstandan gələn turistlər maraq göstərir və alış-veriş edirlər.
– Bu sizin üçün daha çox biznesdir yoxsa hobbi?
– Bu sahə əslində həm hobbidir, həm də biznes. İşi gərək sevib məşğul olasan. Əntiq əşyalara maraq olmalıdır ki, onu satış üçün çeşid seçimini edib satış edə biləsən. Bu sahədən pul qazanmaq olur. Yenə deyirəm, hər şey işinə peşəkar yanaşmadan asılıdır. Həm də gözəl biznes sahəsidir.
Bizim bu dükanda hər bir əşyanın müəyyən bir yaşı var və müəyyən yollardan keçib. Hamısı bir-birindən qədim və maraqlı əşyalardır. Məsələn samovarlar, kasalar, boşqablar, mütəkkələr və s var.
– Niyə Azərbaycanda tarixə və tarixi əşyalar maraq belə azalıb?
– Bilirsiniz, insanların tarixə marağı azalmayıb. Sadəcə əntiq əşyanı əldə etmək müəyyən maddi vəsait də tələb edir. Bunu da hər adam ala bilmir. Amma insanların tarixə marağı var.
Ruhanə Paşazadə

