Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

“Baxma gözlərimin içinə, qorxuram…” – Günel TREU-dan ŞEİRLƏR

06.03.2020 09:14

Bu gün istedadlı şair Günel Treunun doğum günüdür. Bu münasibətlə onu təbrik edir, yaradıcılıq uğurları arzulayırıq və yeni şeirlərini oxuculara təqdim edirik.

Об этом сообщает Футляр от виолончели

Qəfil qapı döyülə…

qəfil qapı döyülə açıb görəm ki sənsən,

əlində gül dəstəsi, köynəyinin təzəsi…

itirərəm özümü çökərəm dizi üstə.

əyilib qaldırarsan məni çökdüyüm yerdən.

səninlə bu görüşü

xəyal edirəm hərdən…

səni görsəm neylərəm, sarılaram boynuna

möhkəm qucaqlayaram, hönkürüb ağlayaram.

qoxlayaram sacının telini bircə-bircə.

kövrələrsən əzizim, inan ürəyin yanar

onda görərsən sənə

necə həsrətəm necə!

gözlərimdən yaşları əllərinlə silərsən.

bu yerlərdə mən sənsiz nə çəkirəm,

bilərsən!

söykəyərsən üzünü gözlərimdən süzülən,

yaş bürümüş üzümə.

çətin gələm özümə!

xəyallar yorur məni,

nolar, gəl görüm səni…

baş qoyduğum yastığı sinən bilib, yatıram.

aldadıb ürəyimi,  öz başımı qatıram!

onsuz da çəkilmirsən gözlərimin önündən.

axşam tez yatıram ki, heç olmasa yuxuda

səni görüm yenidən.

sənin özündən başqa

nə istəyim ki səndən?

qəfil qapı döyülə acıb görəm ki sənsən…

Bilirsən ən pisi nədi?

bilirsən ən pisi nədi?

darıxmağı unutmaqdı

unudursan darıxmağı

adiləşir gözündə

dünən əlçatmaz olan.

sanki o sən deyildin,

gözü uzaqda qalan.

adiləşir darıxmaq…

bilirsən ən pisi nədi?

ağlamağı unudursan

boğulursan!

yığılırsan

boğazadək

marağında olmur heç kim

səni hərə bir cür yozur,

yuxu kimi

ögey gəlir sənə hamı

gözün ancaq onu gəzir.

bilirsən ən pisi nədi?

öz-özünlə danışırsan

qarşında o varmış kimi.

öz-özünə sual verib,

özün cavab axtarırsan

suallara…

bilirsən ən pisi nədi?

hər kəs sənin ürəyində

fırtınanı görə bilmir

gülüşünlə aldadırsan

hər adamı.

axı damla yaş axarsa

gözlərindən

aciz bilər səni hamı.

bilirsən ən pisi nədi?

o insanın xəyalıtək

sənə kimsə doğma deyil

səni kimsə ovutmur,

öz dünyanda yaşayırsan.

bilirsən ən pisi nədi?

acıq-aşkar, bilə-bilə

kiməsə qurban verdiyin

ömür geri qayıtmır…

mən sən deyən olmadım…

ürəyim yanır, ana

baxma gözlərimin içinə, qorxuram

birdən görərsən ürəyimin yarasını,

çətin ürəyin dayana

mən sən deyən olmadım, ana.

mən mümkünsüzü sevdim

əlimin çatmadığı,

səsimin yetmədiyi birini…

mən sən deyən olmadım, ana.

mən sən deyən olmadım, ana.

sən məni ağ geyimdə gördün xəyallarında

mənsə…

mən o arzuların üstündə rəqs etdim,

oynadım hislərinlə, ana

oynadım sənlə.

bağışla məni,

bağışla mümkünsə!

sən məni heç ağlayan görmədin, ana

göstərmədim sənə gözümün yaşını.

ürəyimin qanıydı hamısı,

süzülüb gözlərimdən gəlirdi.

dözməzdi ürəyin, ana

baxma gözlərimin içinə,

mən xəyanət etdim

sənin arzularına.

mən sən deyən olmadım, ana.

sən otağımın qapısını açdın,

mən yastığımın altında gizlətdim

ağlayan gözümü,

gizlətdim üzümü səndən.

mənim hıçqırıqlarım

yastığımın altında qaldı,

arzularım kimi…

mən sən deyən olmadım, ana

mən sən deyən olmadım.

topladım ürəyimin qırıntılarını

sapa keçirdim bir-bir

isti-isti, qanlı-qanlı

yaraları  sağalmamış….

o buğ qalxan, qanı axan tikələri

su altına tutdum bir-bir

arındırdım, suya çəkdim

yaxaladım…

olanları, keçənləri

ürəyimi tapdaq edib keçənləri

şah qanımı içənləri

sol əlimə bıçaq alıb,

elə kəsdim ağrımadan!

təmizlədim yaddaşımı,

keçdim güzgü qarşısına,

birdəfəlik silib, atdım

göz yaşımı….

dua etdim canlarına,

məni əzib, döyənlərin.

sayənizdə bərkiyibdi çiyinlərim!

ürəyimə vaxtlı-vaxtsız,

o çəkilən dağlar ki var

o dağların sayəsində bərkimişəm.

yıxılmışam, sürünmüşəm

ölüb, yenə doğulmuşam,

böyümüşəm

dağ olmuşam….

danışdır  məni bir az…

danışdır məni bir az,

danışmaq istəyirəm

bu kimsəsiz,

bu tənha

çəkilməyən həyata,

yovuşmaq istəyirəm

danışdır məni bir az

ürəyi kitab kimi,

küsülü qalmışam mən.

bir səhra ortasında

çirkli dar ağacına

asılı qalmışam mən.

danışdır məni nolar,

danışdır məni bir az

soruş məndən necəyəm

necə kecir günlərim?

Işim-gücüm necədi

varmı yeni şeirim?

danışdır məni bir az

bir az özümdən qopub,

sən olmaq istəyirəm.

danışdır məni bir az

bilsən nələr dedilər…

biri dedi yazıqdı

biri dedi bulaşma

adamlıqdan uzaqdı

mənsə səni tanımaq,

yanılmaq istəyirəm…

yanılmaq istəyirəm….