Уважаемые читатели, злопыхатели, фанаты и PR-агенты просим продублировать все обращения за последние три дня на почту [email protected] . Предыдущая редакционная почта утонула в пучине безумия. Заранее спасибо, Макс

Dünyanın ən böyük qum sahilinə sahib olan ölkəsi – Banqladeş

06.03.2020 09:17

Elşad MİRİ
[email protected]

Об этом сообщает Футляр от виолончели

Banqladeş səfəri – II yazı

Aeroportda mənə yardım göstərmək üçün qalan Mehmet qardaşımın artıq Çittaqonq əyalətinə uçuş saatı yaxınlaşdığı üçün aeroportda qalmağa qərar verdi. Sağollaşıb aeroportdan çıxdım. Banqladeşli Səid məni gözləyirdi. Yaxşı ki, danışmağa ortaq dilimiz var idi. Səidlə Rikşa adlandırılan 3 təkərli taksiyə əyləşdik. Rikşanın qəfəsvari qapılarını örtüb yola düşən kimi Banqladeş haqqında təəssüratlar artmağa başladı. Darısqal rikşada həm isti, həm də tıxac. Siqnal səsi də bonus idi. Bəzən səsdən qulaqlarımı qapamaq məcburiyyətində qalırdım. Maşınlar, rikşalar elə hərəkət edirdilər ki, hər an qəza vəziyyətindən çıxdığımızı zənn edərkən təkrar eyni vəziyyətlə üzləşirdik. Bu minvalla beynəlxalq yardım mərkəzinin ofisinə çatırıq.

Banqladeşin ikinci böyük şəhərinə doğru…

Bizi dərhal səhər yeməyinə dəvət edirlər. Səhər yeməyi ancaq meyvələrdən ibarətdir. İlk dəfə gördüyüm meyvələrin dadına baxandan sonra təkrar hazırlaşaraq aeroporta qayıdıram. Bu dəfə səfərimiz Banqladeşin ikinci böyük şəhəri Çittaqonqadır. Arakanlı müsəlmanların yaşadıqları düşərgələrə getmək üçün hələ çox yolumuz qalıb.

Təxminən 1 saatlıq uçuş məsafəsindəki Şah Amanat Beynəlxalq Aeroportuna çatırıq. Təyyarədən düşən kimi bəzilərimiz hər tərəfi açıq nəqliyyat vasitələri ilə, bəzilərimiz də piyada olaraq terminala daxil oluruq. Çıxışda artıq iki avtobus bizi gözləyir. Avtobus dediyim də darısqal 9 nəfərlik avtomobillərdir. Əsas odur ki, kondisionerləri işlək vəziyyətdədir. Banqal dostlarımız həmin maşınlarla bir neçə günlük bizə xidmət göstərmələri ilə bağlı razılığa gəlirlər.

Dünyanın ən böyük sahilinə sahib olan Koksun bazarı

Və dünyanın ən böyük qum sahilinə sahib olan (125 km-lik qum çimərliyi) Çittaqonq əyalətinin ən çox turist cəlb edən bölgəsi olan Koks Bazara (Cox’s Bazar, Kaksa Bajar) yola düşürük. Bu yerin niyə “Koks Bazar” adlandırılması da maraqlıdır. Vaxtılə ingilislər Britaniya Şərqi Hindistan Şirkəti vasitəsilə həmin əraziləri ələ keçirmək üçün əraziyə qubernator Kapitan Hiram Koksu təyin edirlər. Koks işin öhdəsindən gəlir və 1799-cu ildə ölür. Həmin yerlərdə qurulan bazara «Koksun Bazarı» deyilməsi nəticəsində Palongkee adı tarixə qarışır və ərazi Koksun Bazarı mənasında xəritədəki yerini alır.

Unutmadan qeyd edim ki, buradakı yollarda da Böyük Britaniyadakı, Hindistandakı kimi soldan hərəkət edirlər.

Bu səfər Bakıdan Nabrana getmək kimi bir səyahət deyil. Çünki demək olar ki, şəhərlər arasında boş ərazi yoxdur. Yerlər ya yaşayış məkanları, ya alış-veriş yerləri, ya da düyü sahələrindən ibarət idi. Yolların darısqallığından və tıxaclardan daha tez qət edə biləcəyimiz məsafə 4 saata qədər uzanır. Maşınları saxlayıb namazımızı qılmaq istəyirdik. Lakin namazları qalacağımız oteldə birləşdirib qılmaq qərarına gəldik. Çünki dayandığımız köhnə məscidin ayaqyolusunun qapıları yox idi. Dəstəmaz almaq üçün bizə yağış suyu nəticəsində dolan anti-sanitar hovuzu göstərdilər. Təşəkkür edib “yolçu yolunda gərək” deyib yola davam etdik.

Qeyd: Növbəti yazılarımda yağış suyu, hovuz suyunda dəstəmaz almaqla əlaqəli «Qulləteyn» hədisi barədə məlumat verəcəyəm. Amma bunu Hindistan səfərimdə qeyd edəcəyəm. İndi qaldığımız yerdən davam edək.

Xeyli vaxtdan sonra qalacağımız otelə çatdıq. Otaqlar hazırlanana kimi foyedə oturub nəfəsimizi dəririk, axşam yeməyi üçün vaxt təyin edib otaqlarımıza çıxırıq. Namazları qısaltmadan birləşdirib qıldıq. Və deyilən vaxtda foyedə görüşdük. Maşınlara əyləşib axşam yeməyi verilən otelə getdik. Yeməkdən əvvəl masadakı süfrələri görüb iştahımız qaçdı. Onları dəyişdirmələrini xahiş etdik. Gətirdikləri isə digərlərindən çox da fərqlənmirdi. Axırda yarısüfrəli bir masada balıqlarımızı gözlədik. İştahsız da olsa, Bismillah deyib buxarda bişirilmiş balığı yeməyə başladıq. Gətirilən digər balıqları isə yeyə bilmədik. O dərəcədə ədviyyat vurulmuşdu ki, ağız dadımıza heç cürə uyğun gəlmirdi. Öyrəndik ki, əslində bu qədər ədviyyat vaxtilə iki məqsəd üçün istifadə edilirmiş:

  1. Məhsulları xarab olmaqdan qorumaq,
  2. İylənmiş məhsulların qoxusunu aradan qaldırmaq.

Yeməkdən sonra otelin namaz otağında camaatla axşam və işa namazlarımızı cəm edib qıldıq və avtobuslara mindik. Ancaq küçəyə çıxan kimi hərəkət dayandı. Çünki yollar çox darısqal idi. Hətta yolların maşınlar üçün deyil, rikşalar üçün nəzərdə tutulduğu üçün bu qədər dar olduğunu bildirdilər. Bizə də piyada getməyimizi məsləhət gördülər.

Hind okeanın sahillərində…

Rikşaların bizi vurmaması və yol verməsi üçün benqal dostlarımız səfərbər oldu. Nəhayət, Hind okeanı sahillərinə çatdıq. Amma deyim ki, sahilə çatana kimi yol kənarlarında müxtəlif çeşidlərdə qurudulmuş balıqlar satan dükanlar vardı. Küçədə müxtəlif qidalar hazırlayıb satırdılar. Biz tamaşaçı rolunda qalmağa üstünlük verərək mənzil başına çatırıq.

Heç kim suya girmir. Sadəcə sahildə oturub söhbət edirdilər. Biz ayaqlarımızı çıxarıb okeanın dalğalı sularına girdik. Ləpədöyəndə xeyli məsafə qət etdik. Artıq yorulmuşduq. Sahildə işıq olmadığı üçün telefon fənərləri ilə ayaqqabılarımızın yanına qayıtdıq, dərhal rikşa saxladıb otelə yollandıq. Amma yolda rikşa tıxaclarına düşdük və bu tıxaclardan istifadə edib digər rikşalardakı çox sayda insanla hal-əhval tutub onlarla söhbətləşdik. Çox xoşumuza gələn məsələ isə insanların bu qədər çətinlik arasında yaşamasına baxmayaraq üzlərinin gülmələri və bizlərlə şəkil çəkdirmək istəkləri idi.

Sabah isə bizi hər mənada çətin düşərgə səfəri gözləyirdi, Arakanlı müsəlmanlar…

Ardı var…