Moskvadan gələn heyət Xanın Şuşinskinin boğazında gizlədilmiş cihazı axtarıb-OĞLU DANIŞIR – VİDEO
06.03.2020 09:22– Xan Şuşinski həm də çox yaraşıqlı insan olub.
Об этом сообщает Роспрес
– Atamı gəncliyində varlı ailələrin evinə oxumağa çağırarmışlar. Qadınlar isə digər otaqda əyləşib, xanəndəni dinləyərmişlər. Birdən səs-küy qoparmış ki, hansısa xanımın halı pisləşdi, ürəyi getdi. Yəni deməyim odur ki, onun xarici görünüşü də, səsi də bir-birini tamamlayardı.
– Aslan bəy səsiniz var?
– Hansı qarabağlının səsi yoxdur ki?!
– Bəs niyə xanəndə olmadınız?
– Bilirsiniz, mən başqa kişinin oğlu olsaydım, xanəndə olardım. Ən azı musiqişünas olardım. Atam 70 yaşınadək səhnədə oldu, bir dəfə də mikrofonla ifa etmədi. Mən Xan Şuşinskinin oğlu kimi bu sənətə gəlməkdən utandım. Hazırda gözəl səsli muğam ifaçılarımız çoxdur. Muğamımız YUNESKO-nun mənəvi irsi siyahısına daxil edilib. Bilirsiniz də, muğam Hindistandan İrana, oradan isə bizə gəlib. Ancaq biz onu o qədər özümüzünküləşdirib, elə həddə çatdırmışıq ki, artıq öz əcdadı hinddən, farsdan imtina edə bilər.
– Hazırda dövlətin qayğısı nəticəsində muğam dünya səviyyəsində tanınır. Sovet dövründə isə muğam oxumaq böyük cəsarət idi.
– Bir dəfə evdə bir kitab tapdım. İçərisində qəzəllər vardı. Bəzi qəzəllərin üstünə möhür vurulmuşdu. Atamdan səbəbini soruşanda dedi ki, bu qəzəlləri oxumağa qadağa qoyulub. İndi düşünəndə anlayıram ki, Sovet dövrü bizi kökümüzdən ayıran, milli ideologiyamızı zədələyən illər olub. Hətta 60-70-ci illərdə muğam çox hörmətsiz olmuşdu. Efirə çıxan müğənnilər ifalarının arasına qısamüddətli muğam saldırmaq istəyirdilər. Rejissora pul da təklif edirdilər. Lakin qəti şəkildə icazə verilmirdi. Yadıma gəlir, 1971-ci ildə Xanın 70 illik yubileyi qeyd olundu. Atam o tədbirdə belə bir cümlə işlətdi: “Ay gənclər, ay balalarım, mən babalarımızdan qalmış muğam sənətini bu çətin illərdə gətirib bu günə çıxartmışam. Artıq sizin öhdənizə buraxıram bu şərəfli işi”. Ondan sonra atam qavalını bir daha əlinə almadı.
– Səməd Vurğunla Xan Şuşinski arasında möhkəm dostluq olub.
– Xan Səməd Vurğunla dost olub. Atam danışırdı, Səməd ona həmişə deyirmişdi ki, ay Xan, sən Füzulidən oxu. O da deyirmiş ki, Füzulidən oxuyanda, camaat başa düşmür axı. Səməd də zarafatla cavab verirmiş ki, sən oxu, başa düşən düşsün, düşməyən də cəhənnəmə düşsün.
Bir dəfə də Şuşada, İsa bulağında oturub, yeyib-içirmişlər.
Səməd Vuğrun atama deyib ki, Xan, niyə təzə heç nə oxumursan?
Atam da deyib, ay qardaş, sən xalqın şairi, mən də xanəndəsi, yaz oxuyum.
Səməd Vurğun da bədahətən
Könlüm keçir Qarabağdan,
Gah o dağdan, gah bu dağdan,
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi!
Atam da bu misraları Qarabağ şikəstəsi üstündə oxuyur. Şairin ürəyinə yayılır ifa.
Bir müddət sonra Səməd Xana zəng vurub deyir ki, Xan, səni tarixə yazdım. Azərbaycan qəzetini alıb, oxuyarsan. Atam qəzetdəki Vurğunun “Azərbaycan” şeirini oxuyur, görür ki, həmin bənd də şeirin içərisinə salınıb.
Yəni, o bənd şeirdən qat-qat əvvəl yaranmışdı. Bundan sonra atam Səməd Vurğunun təkidi ilə həmin bəndi Qarabağ şikəstəsinə əlavə edib oxuyurdu.
Bir də yeri gəlmişkən, Vaqif Səmədoğlunun bir xatirəsini bölüşmək istəyirəm sizinlə.
Vaqif müəllim danışırdı ki, 1953-cü ildə atasını çox sıxışdırırlar. Hətta sürgünə göndəriləcəklərini gözləyirlərmiş. Dostlar, tanışlar, hamı onlardan üz döndərir. Görüşdən qaçırlar, zəng etmirlər. Vurğun çox kədərli gəzirmiş. Ürək qızdırdığı insanlar onu tək qoymuşdular. Yalnız Xan onu tək qoymayıb. Tez-tez qardaşı Allahyarı da götürüb, bazarlıq eliyib, onlara gedərmiş. Oturub, söhbətləşər, ifaları ilə şairin könlünü alıb, gedərmiş.
Yəni çox güclü olub onların dostluğu.
– Böyük sənətkar, sədaqətli dost, cəsur insan… Bəs ata kimi necə olub Xan?
– Ümumiyyətlə atamız bizim gözümüzdə çox əzəmətli idi. Çox həlim xasiyyəti vardı. Böyük bacım dil açanda ona “dədə” demişdi deyə, 4 uşaq hamımız “dədə” çağırırdıq.(publika.az)
– Toylara gedirdi?
– Atam özünə, səsinə diqqət edən adam idi. İndi baxırsınız, xanəndələrin çoxu demək olar ki, hər gün toydadırlar. Atam ayda bir-iki toya gedərdi. Özü də yarım saat filan ifa edib, qayıdardı. Getdiyi toy evlərinin elə həyətindən başlayıb, ayağının altına xalça sərərmişlər, naz-neməti düzərmişlər süfrəyə ki, Xan gəlib. İnsanlar onu dinləmək üçün toplaşarmışlar toy məclisinin ətrafına. Bir də Xan insan sərrafı idi. Məclisə girən kimi qardaşı Allahyara deyirmiş ki, bax indi orda oturan içib, başlayacaq şabaş paylamağa, bax bu şuluqluq salacaq. Nə deyirmiş, elə də olurmuş.
– Xan Şuşinskinin “O olmasın, bu olsun” filmindəki ifasından danışaqmı?
– Əslində Üzeyir bəy atamı tez-tez operaya dəvət edərmiş. Atam da deyərmiş ki, a bəy, mən üzümə ənlik-kirşan vurum, çıxım səhnəyə, xalxın arvadını qucaqlayıb mahnı oxuyum? Qoy gedim xanəndəliyimi edim. Bir gün rejissor Həsən Seyidbəyli atama deyir ki, bir film çəkilir, sən burada 40 saniyə muğam ifa etməlisən. Atam da Üzeyir bəyin xatirinə razılaşır, amma təəccüblənir ki, bu qısa müddətə nə oxuyacam? Nə isə… Həsən Seyidbəyli saniyəölçəni qoşur və atam başlayır “Kürdü-şahnaz” ifa etməyə. Birdən operator görür ki, vaxt keçir, amma rejissor gözü ilə işarə edir ki, qoy oxusun. Sonda Həsən bəy deyir ki, Xan 30 saniyəni də mən hədiyyə etdim sənə. Bir də filmin sonunda atam “Qarabağ şikəstəsi” oxuyur, ancaq o hissəsi kəsilib. Həmişə zarafatla deyərdi ki, Məşədi İbadın toyunu mən eləmişəm.
– Atanızın başqa maraqları olubmu?
– Ovçuluğa çox maraqlı olub. Sərrast atıcılığı vardı. Atası Aslan ağa da yaxşı ovçu olub. Aslan ağa bir dəfə gecə vaxtı qəbristanlığın içi ilə gedirmiş. Keçəndə hiss edib ki, bir qəbirin içindən inilti gəlir. Təsəvvür edin, gecə vaxtı qəbirdən səs gəlir. Yaxınlaşıb, əlini uzadanda görür, bu nədirsə tüklüdür. Sən demə gündüz sürü keçəndə qoçun biri düşüb, uçuq köhnə qəbirə. Aslan ağa da qoçu tərkinə alıb evə gətirib. Atam bu əhvalatı arabir danışardı.
Cavanlığında papiros çəkirmiş. Cabbar Qaryağdının məsləhəti ilə papirosu qəlyana dəyişib. Cabbar bəy atama deyərmiş ki, görsən bir tərəfdə gənc qızlar, oğlanlar soyuq dondurma yeyir, başqa tərəfdə də hamballar çay içir, get hambalların yanında otur. Çox zəngin qəlyan və təsbeh kolleksiyası vardı Xanın…
– Bəs yeyib-içməklə arası necə idi?
– Çox az yeyirdi. Ömrü boyunca dilinə spirtli içki vurmamışdı. Deyirdi ki, boğazımda xalqın əmanətini gəzdirirəm, xəyanət edə bilmərəm.
– Aslan bəy, böyük sənətkarımız haqda olduqca dəyərli tarixi faktları bizimlə bölüşdüyünüz üçün minnətdaram.
– Mən də sizə təşəkkür edirəm.

