Xərçəng olmuş Qarabağ qazisinin həyat yoldaşı Mehriban Əliyevaya müraciət etdi – Borc içində boğuluruq
05.03.2020 12:38Yardımlı rayonu, Sabir küçəsi 21 ünvanında yaşayan Qarabağ qazisi Nəsirov Zaur Vaqif oğlunun həyat yoldaşı İbişova Hüsniyyə Məzahir qızı Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Об этом сообщает Руспрес
Hüsniyyə İbişova müraciətinin sürətini A24.az-ın redaksiyasına göndərərək qarşılaşdıqları problemlərin həll edilməsində onlara yardımçı olmağımızı xahiş edib.
Ailənin düşdüyü çıxılmaz vəziyyəti nəzərə alıb, heç bir əlavə şərh vermədən məktubu olduğu kimi təqdim edirik:
“Hörmətli Mehriban xanim!
Mən Sizə Qarabağ müharibəsində iki dəfə düşmən gülləsi ilə yaralanan, hal-hazırda hələ də imkansızlıq səbəbindən bu gullələrin qəlpələrini bədənində daşımaq məcburiyyətində qalan və bu qəlpələrin törətdiyi fəsadlar nəticəsində artıq onkoloji xəstəliyə düçar olmuş ehtiyatda olan gizir Nəsirov Zaur Vaqif oğlunun həyat yoldaşı kimi müraciət edirəm. Əminəm ki, mənim bu müraciətimə diqqət və qayğı ilə yanaşaraq həssas, diqqətli, qayğıkeş, vətənpərvər və insansevər bir ana kimi mənim ehtiyac içində olan ailəmə kömək edəcəksiniz.
Məlumat uçun bildirim ki, həyat yoldaşım Qarabağ döyuşlərində bir neçə dəfə yaralanıb. Həmin yaraların qəlpələrinin törətdiyi fəsadlar üzündən Sumqayıt Onkoloji Xəstəxanasında bir dəfə əməliyyat keçirib və yenidən müayinə olunub əməliyyat edilməli, kimyəvi şüa, müalicələr almalıdır. Lakin ailəmizin maddi vəziyyəti bu xərcləri qarşılamağa imkan vermir. Birinci əməliyyatın xərclərini də xeyirxah insanların, yaxınlarımızın, qonşularımızın dəstəyi ilə ödəmişik.
Hörmətli Mehriban xanım!
İndi borc və kredit icərisində çabalayırıq. Artıq xəstəxanaya getmək üçün yolpulumuz belə yoxdur. Ailəmizin heç bir yerdən aylıq gəliri yoxdur. Həyat yoldaşımın döyüş yolunu və yaralanmalarını Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının verdiyi qərarın da təsdiqləməsinə baxmayaraq, dövlətimizin qarabağ döyüşlərində yaralananlara təyin etdiyi əlillik, müharibə veteranı və digər statusların, güzəştlərin heç birindən yararlana bilmirik. 6 nəfərdən ibarət ailəmiz təkcə şəkər, təzyiq xəstəsi olan qaynanamın aldığı 135 manatlıq qocalıq pensiyasına möhtacdır. Bu 135 manatıq gəlirlə həm borc və kreditdləri ödəməli, həm bir ay boyunca ərzaqla təmin olunmalı, həm onkoloji xəstə olan həyat yoldaşımın və eyni zamanda səkər, təzyiq xəstəsi olan qaynanamın dərmanlarını almalı, həm də iki məktəbli, həmçinin ehtiyac üzündən geyim, məktəb ləvazimatları ilə təmin edə bilmədiyimiz, parta arxasında oturmaq həsrəti ilə yaşayan kiçik övladlarımızı təmin etməliyik. Artıq bizə kömək edən yaxınlarımızın belə maddi vəziyyəti imkan vermir ki, bizə bu çətin durumdan çıxmağa dəstək olsunlar. Müraciət etmədiyimiz ünvan, ağız açmadığımız adam qalmayıb. Ancaq heç kim bizi görmək, eşitmək istəmir.
Ona görə də son ümid yeri kimi bilib Sizə müraciət etmək məcburiyyətində qalmışıq. Ümidimiz yalnız səxsən Sizə və dövlətimizədir.
Hörmətli Mehriban xanim!
Həyat yoldaşımın müharibə əlili kimi haqqı çatan güzəstlərdən yararlanmaq cəhdləri boşa çıxıb. Sizə müraciətimin əsas məqsədi odur ki, onun bu xəstəliyi hərbi xidmət dövründə və torpaqlarımızın müdafiəsi zamanı qazandığını təsdiq edən sənədlər əsasında haqqı çatan güzəştlərdən hər hansı biri ilə, yəni pensiya, kompensasiya və ya sosial yardım, həmçinin, müayinə və müalicə xərcləri ilə təmin edilməsi barədə göstəriş verəsiniz. Çıxılmaz vəziyyətdə olan ailəmizə yardım edəsiniz.
Xahiş edirəm ki, bu məsələdə övladlarının qarşısında aciz qalmış bir ananın da düşdüyü vəziyyəti nəzərə alasınız. Bir qarın ac, bir qarın tox böyüyən, geyinməyə isti geyimi, çəkməsi olmadığına görə soyuqdan tir-tir əsən övladlarımın üzünə baxa bilmirəm. Dəfələrlə əlacsız qalıb canıma qəsd etməyi belə düşünmüşəm, ancaq qəlbimdəki iman və inam son anda məni bu addımdan daşındırıb. İnanmışam ki, bu günlər də keçəcək. İndi son ümidim sizədir. Çox xahiş edirəm ki, şəxsi iradənizi ortaya qoyub bu məsələdə bizə köməklik göstərəsiz.
Hörmətli Mehriban xanım!
İnanıram ki, torpaqlarımızın müdafiəsi uğrunda ailəsini düşünmədən sağlamlığından keçən qazinin düşdüyü vəziyyəti Siz nəzərə alacaqsınız və ailəmizin səsinə səs verəcəksiniz.
Sizə əvvəlcədən sonsuz sevgimizi bildirir və təşəkkür edirik.
İbişova Hüsniyyə Məzahir qızı,
Telefon: (070) 536 60 61; (050) 667 22 64”
Hüsniyyə İbişovanın göndərdiyi sənədlərin fotosunu da təqdim edirik:

